DÜNYA


BMT-nin ərazilərin minalardan təmizlənməsi xidmətinə 495 milyon dollar vəsait tələb olunur

Bakı, 8 fevral, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Minaların Təmizlənməsi Xidmətinə (UNMAS) 2019-cu ildə ərazilərin minalardan təmizlənməsi üzrə dünyanın 19 ölkəsində həyata keçirəcəyi 146 layihə üçün 495 milyon dollar vəsait tələb olunur. Bu vəsaitin əsas hissəsinin İraq, Əfqanıstan və Suriyadakı fəaliyyətlərə xərclənməsi nəzərdə tutulur.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, UNMAS minaların təmizlənməsi və partlamamış sursatın məhvi üzrə mühüm işlər görür. Lakin silahlı münaqişə tərəfləri bu əraziləri yenidən minalayır və dinc sakinlərin həyatını təhlükəyə atırlar. Nəticədə insanlar ölür və şikəst olurlar. Məsələn, Əfqanıstanda son 3 ildə minalardan ölənlərin sayı üç dəfə artıb. Təkcə 2018-ci ildə 1415 əfqan minaların və digər partlayıcı qurğuların partlaması nəticəsində ölüb və xəsarət alıb. Acınacaqlı olan isə bu qurbanların 80 faizinin uşaqlar olmasıdır. BMT 2023-cü ilədək bu ölkədə əraziləri tamamilə minalardan təmizləmək niyyətindədir.

BMT-nin məlumatında bildirilir ki, bütün bu işləri aparmaq üçün lazımi maliyyə resursları tələb olunur, lakin ötən il donorlar nəzərdə tutulan vəsaitin yalnız 50 faizini ayırıblar. UNMAS təkcə əraziləri minalardan təmizləmir, həmçinin fiziki və psixoloji travma almış zərərçəkmişlərə yardım edir. Xidmətin direktoru Aqnes Markayyu bildirib: “BMT-yə üzv ölkələrin hamısının ərazilərin minalardan təmizlənməsi və insanlara yardım göstərilməsinin vacib olduğu barədə yekdil rəyi olsa da, biz yenidən maliyyə problemləri ilə qarşılaşırıq. 2019-2023-cü illər üzrə bu sahədə yeni strategiyanın təsdiq edilməsi səylərin daha da artırılmasını zəruri edir”.

Qeyd edək ki, UNMAS 1997-ci ildə təsis olunub və müharibə zonalarında minaların təmizlənməsi fəaliyyətini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.