CƏMİYYƏT
BMT-nin ikinci okean konfransında Azərbaycanın transsərhəd sularının çirkləndirilməsi barədə danışılıb
Lissabon, 2 iyul, AZƏRTAC
Lissabonda Keniya və Portuqaliya hökumətlərinin birgə təşkilati dəstəyi ilə iyunun 27-dən başlayan BMT-nin ikinci okean konfransı başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransda BMT Baş katibi, Portuqaliya, Qana, Keniya, Kolumbiya prezidentləri, bir sıra dövlətlərin baş nazirləri və ekologiya nazirləri iştirak ediblər. Ölkəmizi bu mötəbər tədbirdə Mərakeş və Portuqaliyadakı səfirimiz Oktay Qurbanov təmsil edib.
Səfir konfransdakı çıxışında Azərbaycanın su qıtlığından əziyyət çəkən ölkələr sırasında olduğunu vurğulayıb, ölkəmizin şirin su ehtiyatlarının 70 faizinin xaricdə, qonşu ölkələrin ərazilərində formalaşdığını bildirib. Dünyada iqlim dəyişikliyi səbəbindən şirin su ilə əlaqədar yaranan gərginliklərdən danışan səfir, Azərbaycanın transsərhəd su ehtiyatlarının çirkləndirilməsi ilə bağlı narahatlıqlarını ifadə edib.
Diplomat qeyd edib ki, regionun ekoloji baxımdan ən gərgin nöqtəsi ağır metallarla çirkləndirilən Oxçuçaydır. Səfir bunun əsas səbəbinin Ermənistan ərazisində fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlər tərəfindən idarə olunan mis-molibden zavodlarının tullantılarının həmin çaya axıdılmasının olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyətə Ermənistanın bütün regionun ətraf mühitinə mənfi təsir göstərən ziyanverici fəaliyyətini dayandırmaq üçün müraciət etdiyini, təəssüf ki, hələ də beynəlxalq təşkilatlar tərəfindən çox ciddi sayılan transsərhəd məsələlərinə cavab verməyib.
O.Qurbanov Azərbaycan Hökuməti tərəfindən 2020-2022-ci illərdə su ehtiyatlarından effektiv istifadə etmək üçün "Tədbirlər Planı"nın qəbul edildiyini və bununla yanaşı, ölkənin su təhlükəsizliyini təmin etmək üçün növbəti 18 ildə qısa, orta və uzunmüddətli hədəfləri nəzərdə tutan "Milli Su Strategiyası"nı hazırladığını bəyan edib.
Daha sonra səfir Azərbaycanın 2000-ci ildə BMT-nin su konvensiyasına qoşulduğunu, üzərinə öhdəliklər götürdüyünü diqqətə çatdıraraq regionun əksər ölkələrinin həmin konvensiyaya qoşulmadığından təəssüfləndiyini, bunun transsərhəd sularının davamlı idarə olunması və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması üçün əməkdaşlıq imkanlarını məhdudlaşdırdığını qeyd edib.
Konfrans çərçivəsində səfir Oktay Qurbanov bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon