CƏMİYYƏT


BMT-nin iqlim dəyişiklikləri konfransı: Bəşəriyyət yolayrıcındadır!

Bakı, 3 dekabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkilatçılığı ilə Polşanın Katovitse şəhərində keçirilən iqlim dəyişiklikləri ilə bağlı konfransın dekabrın 3-də keçirilmiş açılış mərasimində çıxış edən təşkilatın yüksəkvəzifəli nümayəndələri bildiriblər ki, hazırda planetimizin gələcəyi ilə bağlı bəşəriyyət yolayrıcındadır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet bütün dövlətlərin 2015-ci il Paris sazişinə əməl etməsinin həyati əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri Yer üzündə həyatın tamamilə məhv olması ilə nəticələnə bilər.

Ekspertlər qeyd ediblər ki, qlobal miqyasda baş verəcək təbii fəlakətlərin qarşısını almaq üçün Dünya Bankının 200 milyard dollar vəsait ayırması təqdirəlayiqdir. Bütün bu səylər, Hökumətlərarası İqlim Dəyişiklikləri Paneli (IPCC) çərçivəsində Yer kürəsində temperaturun 1,5 dərəcə selsidən yuxarı qalxmasının qarşısını almaq üçün tədbirlərin görülməsinə stimul olacaq. Bu məqsədə çatmaq üçün 2030-cu ilədək hökumətlər atmosferə buraxılan zərərli qazların miqdarını 45 faiz aşağı salmalıdır.

Dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət, hökumət, qeyri-hökumət təşkilatları, təbiəti mühafizə qrupları, BMT və digər beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin jurnalistlərin iştirakı ilə keçirilən konfransda 28 min adam iştirak edir. Çıxış edənlər tərəfindən vurğulanır ki, qlobal iqlim dəyişiklikləri ilə bağlı tədbirlərə ABŞ, Çin və Avropa ölkələri öncüllük etməlidir. Lakin, Vaşinqton administrasiyasının Paris sazişinə mənfi münasibəti BMT-ni məyus edib. Təşkilatın İnkişaf Proqramının rəhbəri Axim Ştayner bəyan edib ki, bu günədək dünyada 300 milyard dollar dəyərində yenilənən enerji qurğuları işə salınıb. Onun sözlərinə görə, qlobal istiləşmənin qarşısını yalnız enerji inqilabı ala bilər. “Bir neçə inkişaf etmiş ölkənin hökumətləri 2020-ci ildən etibarən bu məqsədlərə hər il 100 milyard dollar vəsait ayırmağa söz veriblər. Düşünürəm ki, 180 dövlətin birgə səyləri ilə bu istiqamətdə daha böyük addımlar atmaq mümkün olacaq”, - deyə Ştayner vurğulayıb.

Konfransın açılış mərasimində çıxış edən BMT-nin baş katibi Antonio Quterreş və təşkilatın Baş Assambleyasının sədri Mariya Espinosa dövlət və hökumət başçılarını planetin gələcəyinin qorunması məsələsində daha fəal olmağa çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.