SİYASƏT
BMT-nin irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsində Azərbaycandakı tolerant mühit barədə danışılıb
Bakı, 19 may, AZƏRTAC
Bu günlərdə Cenevrə şəhərində BMT-nin irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın həyata keçirilməsinə dair ölkəmizin yeddinci, səkkizinci və doqquzuncu birgə dövri məruzəsinə baxılıb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə iştirak edib.
Komitədə dövlətlərin məruzəsinə baxılması qaydalarına uyğun olaraq, Paris prinsiplərinə müvafiq A statusu ilə akkreditasiya olunmuş milli insan hüquqları institutları da təmsil etdikləri dövlətlərin konvensiya üzrə məruzəsi dinlənilərkən onun implementasiyası ilə bağlı çıxış etmək hüququna malikdirlər.
Bununla əlaqədar, BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsi tərəfindən ayrılmış vaxt çərçivəsində Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək Azərbaycanın çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgəyaşayışı, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli, mədəni, dini münasibətlər mövcud olduğunu qeyd edib.
O, həmçinin Azərbaycan dövlətinin əsas məqsədinin fərdlərin irqindən, inancından, etnik mənsubiyyətindən və digər hallardan asılı olmayaraq, hüquq və vəzifələrindən eyni dərəcədə faydalandığı mühitin yaradılmasından ibarət olduğunu, Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bunun nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilib və onların arasında milli azlıqlar da olub.
A.Səfixanlı, həmçinin Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.10-cu və 4.11-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Aparat rəhbəri BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvlərinin ölkədə insan hüquqlarının təmini sahəsində aparılan islahatlar, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının implementasiyası, o cümlədən ombudsmanın ayrı-seçkiliyin aradan qaldırılması sahəsində fəaliyyəti ilə bağlı suallarını cavablandırıb.