CƏMİYYƏT


BMT-nin jurnalında “ASAN xidmət” təcrübəsinə dair məlumat dərc olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənub-Cənub Şəbəkəsi Ofisi tərəfindən nəşr olunan “Dayanıqlı İnkişaf üçün Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıqda Qabaqcıl Təcrübələr” jurnalda “Azərbaycanda dövlət xidmətlərində mükəmməllik – “ASAN xidmət” təcrübəsi” adlı geniş məlumat dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nəşrdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə edilməsi istiqamətində prosesi sürətləndirmək üçün qurumların bu sahədə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilir. Bununla əlaqədar nəşrdə yer alan layihələrin və uğurlu təcrübələrin digər ölkələr tərəfindən öyrənilməsi tövsiyə olunur.

Həmin nəşrin DİM 16 (sülh, ədalət və güclü institutlar) bölməsində Azərbaycan brendi olan “ASAN xidmət”in fəaliyyətinə dair məlumatlara ətraflı yer verilib. “Heç kimi arxada qoymamaq” prinsipinə əsaslanaraq şəffaf və effektiv dövlət xidmətlərinin göstərilməsinin Azərbaycan hökumətinin əldə etdiyi əhəmiyyətli uğurlardan biri olduğu oxucuların diqqətinə çatdırılıb.

Bundan əlavə, “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən qabaqcıl layihələrdən biri olduğu vurğulanıb və beynəlxalq sahədə əldə olunan uğurlara xüsusi yer ayrılıb. Məlumatda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatını, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatını əldə etməsinə toxunulur.

Həmçinin “ASAN xidmət” təcrübəsinin İndoneziya, Monteneqro, Uqanda, Mərakeş, Özbəkistan kimi ölkələrdə tətbiqinin önəmindən bəhs olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.