CƏMİYYƏT


BMT-nin rəhbəri: Bütün ölkələr zərərli tullantıların azaldılması barədə öhdəlik götürməlidirlər

Bakı, 7 may, AZƏRTAC

Ekstremal hava şəraiti və təbii kataklizmlər, rekord temperaturlar və karbon qazının yüksək konsentrasiyası... Bəşəriyyət uçurum həddindədir.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Almaniyanın Petersberq şəhərində keçirilən, iqlim problemlərinə həsr edilmiş konfransda dünya ölkələrinə bu cür xəbərdarlıqla müraciət edib.

A.Quterreş deyib: “Keçən il havanın orta temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,2 dərəcə yüksək olub. Bu, çox təhlükəli faktdır, çünki həmin göstərici elmi birlik tərəfindən müəyyən edilmiş 1,5 dərəcə həddinə yaxındır”.

Əgər beynəlxalq birlik bütün qüvvələrini iqlim dəyişmələrinə qarşı mübarizəyə səfərbər etməsə, bu əsrin sonunda orta illik temperatur sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,4 dərəcə yüksək ola bilər, yəni fəlakətli nəticələr baş verər.

BMT-nin Baş katibi vurğulayıb: “Lakin əgər biz əlbir olsaq, iqlim dəyişmələrinin ağır nəticələrindən xilas ola bilərik. Biz COVID-19 pandemiyasından sonra yaranacaq imkanlardan istifadə etməli və iqtisadiyyatı ekoloji cəhətdən təmiz model üzrə yenidən qurmalıyıq”.

A.Quterreş qeyd edib ki, iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri maliyyə baxımından hələ lazımınca dəstəklənmir. Bu gün belə tədbirlər üçün hər il 16,8 milyard dollar ayrılır, halbuki təkcə inkişaf etməkdə olan ölkələrə hər il azı 70 milyard dollar lazımdır.

Baş katibi “Böyük yeddiliyin” bu il iyun ayında keçiriləcək Zirvə toplantısında iştirak edəcək dünya liderlərinə müraciətlə onları zəruri həcmdə vəsait ayrılması barədə razılığa gəlməyə və inkişaf etməkdə olan ölkələrə, ilk növbədə kiçik ada dövlətlərinə dəstək göstərməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.