CƏMİYYƏT


BMT-nin rəhbəri iqlim üzrə sammitdə: dünya liderləri qlobal istiləşmə ilə mübarizədə təcili tədbirlər görməlidirlər

Bakı, 23 aprel, AZƏRTAC

Dünya uçurumun kənarındadır. Artıq orta qlobal temperatur sənayeləşmədən əvvəlki səviyyədən 1,2 dərəcə Selsi yüksəkdir. Bu göstəricinin daha da artması bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu sözlərlə BMT-nin rəhbəri Antonio Quterreş ABŞ hökumətinin təşkil etdiyi iqlim məsələləri üzrə liderlərin virtual Sammitində çıxış edib.

"Son onillik müşahidə tarixində ən isti illər olub. Təhlükəli istixana qazlarının konsentrasiyası 3 milyon il ərzində ən yüksək səviyyəyə çatıb", - deyə Baş katib xatırladıb.

Quterreş vurğulayıb ki, dünya liderləri təcili tədbirlər görməlidirlər. O bildirib ki, dünyanın hər bir ölkəsi, hər bir şəhəri, hər bir şirkəti ziyanlı tullantıların sıfır səviyyəsinə nail olmaq üzrə Qlobal koalisiyaya qoşulmalıdır.

Ziyanlı tullantıların sıfır səviyyəsi, və ya "karbon neytrallığı", o deməkdir ki, karbon qazının emissiyalarının həcmi meşələr və okeanlar tərəfindən udulan qazın həcmindən artıq deyil.

Quterreş, iqlim sammitinin təşkilatçılarının, Birləşmiş Ştatlar hökumətinin 2030–cu ilə qədər istixana qazlarının tullantılarının 2005-ci illə müqayisədə iki dəfə azaltmaq qərarını alqışlayıb.

BMT-nin rəhbəri dünya liderlərinin yaxın vaxtlarda qəbul etməli olduqları digər tədbirləri də xatırladıb: qazıntı yanacaq növlərinin subsidiyalarına son qoymaq, kömürdən və kömür elektrik stansiyalarından istifadəni dayandırmaq, "yaşıl" iqtisadiyyatın və bərpa olunan enerji mənbələrinin inkişafına daha çox vəsait yatırmaq.

"Noyabr ayında Qlazqo şəhərində keçiriləcək BMT-nin iqlim konfransından əvvəl, bizə ən həssas ölkələrin maliyyə və texnoloji dəstəyi ilə bağlı konkret təkliflər lazımdır. İnkişaf etmiş dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsini təmin etməlidirlər, iyun ayında keçiriləcək "Böyük yeddilik" sammitində onlar inkişaf etməkdə olan ölkələrdə qlobal istiləşməyə qarşı mübarizəyə vəd etdikləri 100 milyard ABŞ dolları ayırmalıdırlar", - deyə Antonio Quterreş bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.