REGİONLAR
BMT-nin rezident əlaqələndiricisi Masallı “ASAN həyat” kompleksi ilə tanış olub
Bakı, 7 oktyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzainin başçılıq etdiyi nümayəndə heyəti Masallı “ASAN həyat” kompleksinin fəaliyyəti ilə tanış olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Masallı “ASAN həyat” kompleksi “ASAN xidmət” mərkəzi ilə yanaşı, vətəndaş rahatlığına, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri (Heydər Əliyev İncəsənət Məktəbi, “ASAN İntellektual” İnkişaf Mərkəzi, ABAD Mərkəzi, ASAN Brend dükanı, kinoklub, kafe) əhatə edir. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə bilərlər.
Bildirilib ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə, ümumilikdə, 12 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.