CƏMİYYƏT


BMT-nin saytı: Türkiyədə çalışan Azərbaycan həkimləri koronavirusa qarşı mübarizə aparmaq üçün Vətənə qayıdıblar

Bakı, 29 iyul, AZƏRTAC

BMT-nin saytında Türkiyədə çalışan və koronavirusa qarşı mübarizə aparmaq üçün Vətənə qayıtmış azərbaycanlı həkimlər haqqında yazı dərc edilib. AZƏRTAC xəbər verir ki, həmin materialda iyulun sonu üçün olan məlumata istinadla indiyə qədər Azərbaycanda 30,5 minə yaxın insanın COVID-19-a yoluxması, 400-dən çox adamın dünyasını dəyişməsi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın hakimiyyət orqanlarına COVID-19 infeksiyasına qarşı mübarizədə kömək edir. Bu əməkdaşlıq çərçivəsində Türkiyədə daimi yaşayan və orada işləyən 19 azərbaycanlı həkim hazırda Bakıda və regionlarda fəaliyyət göstərir.

Onlar ÜST-nin çağırışına cavab olaraq, - xüsusən müasir tibbi aparatlarla davranma sahəsində - öz bilik və təcrübələrini bölüşmək üçün Vətənə qayıdıblar. ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyir: “Biz Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa başlayanda məlum oldu ki, bu ölkədə zəruri sayda tibb müəssisələri var və onlar hamısı müasir texnika ilə təchiz olunub. Buna baxmayaraq, həmin müəssisələrin heyəti yeni avadanlıqdan və müasir müalicə üsullarından həvəsiz istifadə edirlər. Bizim söhbət apardığımız işçilərin hər biri deyirdi ki, tibbi heyəti xəstələrin sayının artacağı hala hazırlamaq lazımdır”.

Həkim Sabir İsrafilov Azərbaycanda doğulub, orada boya-başa çatıb, lakin son illər Türkiyədə yaşayır və orada işləyir. S.İsrafilov deyir: “Xaricdə yaşayan hər bir azərbaycanlı kimi mən də həmişə öz ölkəm üçün faydalı işlər görmək barədə düşünürdüm. İndi belə bir imkan yaranıb. Pandemiya demək olar ki, müharibə kimi bir vəziyyətdir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana kömək göstərməyi təklif edəndə biz də kənarda qala bilməzdik və bu təklifi sevinclə qəbul etdik”.

Aprelin ortalarında start götürmüş layihə çərçivəsində məsləhətçilər yerli xəstəxanaların ÜST standartlarına uyğun olaraq pandemiyaya hazır olub-olmadıqlarını yoxlayıblar. Onlar koronavirusun yayılmasının qarşısının alınması üzrə dövlət komitəsi yaradılmasına və bu komitənin işini təkmilləşdirməyə kömək ediblər. Tibbi heyətin infeksiyadan qorunmasına kömək etmək vəzifəsi də qarşıya qoyulub.

Ötən aylar ərzində Azərbaycanın 400-dən çox həkimi və digər tibb işçiləri ÜST tərəfindən təşkil olunmuş treninqlərdən keçiblər. Məsləhətçilər COVID-19-un ağır formasından əziyyət çəkən xəstələrin müalicəsində yerli həkimlərə kömək ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.