İQTİSADİYYAT
BMT-nin təşəbbüsü ilə keçirilən forumda Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində görülən işlər barədə məlumat verilib
Bakı, 22 may, AZƏRTAC
Xəbər verildiyi kimi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 18-21-də Nyu-Yorkda BMT-nin təşəbbüsü ilə keçirilən “Hamı üçün davamlı enerjinin maliyyələşdirilməsi” forumunda iştirak edib. Forumda Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində görülən işlər, bu sahədə dövlətin apardığı məqsədyönlü siyasətdən söhbət açılıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, BMT-nin baş katibi, Dünya Bankının prezidentinin, bir çox dövlət başçılarının, nazirlərin, BMT-nin ixtisaslaşmış təşkilatlarının və aparıcı özəl sektor rəhbərlərinin iştirak etdiyi forum dünyanın enerji, alternativ və bərpa olunan enerji üzrə qlobal istiqamətini müəyyənləşdirən mötəbər tədbirlərdən hesab edilir. Əvvəlcədən müəyyən olunduğu kimi, forum öz işini mayın 20-21-də Qlobal enerji nazirləri səviyyəsində “Siyası dialoq”, “Gələcəyin enerjisi - fəaliyyət və öhdəliklər” mövzuları üzrə davam etdirib.
BMT-nin Baş Assambleyasının binasında baş tutan Qlobal enerji nazirləri səviyyəsində forumda ABOEMDA-nın sədri Akim Bədəlov çıxış edərək Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində görülən işlər, bu sahədə dövlətin apardığı məqsədyönlü siyasət barədə məlumat verib. O, həmçinin yaxın gələcəkdə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə hesabına çoxsahəli və irimiqyaslı layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib, bu istiqamətdə respublikamızın inkişaf strategiyasının olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.