DÜNYA


BMT-nin virtual donor konfransında Yəmənə 1,35 milyard dollar həcmində yardım vəd olunub

Qahirə, 3 iyun, AZƏRTAC

Humanitar fəlakət yaşayan Yəmənə yardım məqsədilə BMT-nin Səudiyyə Ərəbistanı ilə birgə təşkil etdiyi virtual konfransda inkişaf etmiş ölkələrin hökumət nümayəndələri bu ölkəyə 1,35 milyard dollar yardım ayrılacağını vəd ediblər.

AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən donor tədbirində silahlı münaqişə və koronavirus nəticəsində dəhşətli aclıq vəziyyətində olan Yəmənə dərhal yardım göstərilməsinin zəruriliyi qeyd edilib. İlk addımı 500 milyon dollar həcmində vəsait ayıran Ər-Riyad atıb.

Virtual donor konfransında Almaniyanın Federal Xarici Ofisi üzrə Dövlət naziri Niels Annen Yəmənə 125 milyon avro, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin rəhbəri Ceyms Kleverli 160 milyon funt sterlinq yardım ayrılacağını vəd ediblər. May ayında Yəmənə 225 milyon dollar həcmində yardım ayıran ABŞ donor konfransında təmsil olunmayıb.

BMT-nin Baş katibi Yəmənə maliyyə yardımının həcmini 2 milyard dollara çatdırmağı təklif edib. O, bu ölkədəki vəziyyəti “müasir tarixdə ən ağır humanitar fəlakət” kimi xarakterizə edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.