DÜNYA
BMT talibləri Əfqanıstanda qadın hüquq və azadlıqları barədə vədlərini yerinə yetirməyə çağırıb
Bakı, 2 iyul, AZƏRTAC
BMT-nin Ali komissarı Mişel Baçelet Əfqanıstan hakimiyyətindən qadın hüquqları, o cümlədən hərəkət və təhsil azadlığı ilə bağlı vədləri yerinə yetirməyi tələb edib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Ali komissar Əfqanıstanda qadınların vəziyyəti ilə bağlı müzakirələr zamanı “Taliban” hərəkatını onların hüquqlarına hörmət etməyə çağırıb.
Mişel Baçelet Cenevrədə İnsan Hüquqları Şurasında çıxış edərkən Əfqanıstan hakimiyyət orqanlarının şəriət qanunlarına uyğun olaraq insan hüquqları öhdəliklərinə əməl edəcəklərinə dair vədini xatırladaraq deyib: “Lakin bu təminatlara baxmayaraq, biz qadınların ictimai sahədən təcrid edildiyini və sistematik təzyiqə məruz qaldığını görürük”.
O, qadınların işlə təmin olunmasına, 1,2 milyon qız üçün orta məktəblərin yenidən açılmasına dair qəti tarixin müəyyən edilməsinə, həmçinin kişilərin müşayiəti olmadan qadınların hərəkət azadlığına qoyulan məhdudiyyətlərin və üzlərinin örtülməsi məcburiyyətinin aradan qaldırılmasına çağırıb.
Eyni zamanda, ABŞ-ın nümayəndə heyəti, “Taliban” hərəkatının yüksək vəzifəli nümayəndələri və texnokrat mütəxəssislər arasında Qətərin paytaxtı Dohada keçirilən görüşdə Əfqanıstanda qadınların statusu müzakirə mövzularından biri olub.
Qeyd edək ki, bu il mayın əvvəlində “Taliban” hərəkatının Ali lideri Heybətullah Axundzadə Əfqanıstanda qadınların üzlərini örtmədən küçəyə çıxmasını qadağan edən fərman imzalayıb. 2021-ci ilin sonunda isə Əfqanıstanın hakimiyyət orqanları qadınların kişi qohumunun müşayiəti olmadan 72 kilometrdən çox məsafə qət etməsinə qadağa qoyub.