CƏMİYYƏT


BMT tibbi xidmətlərlə ümumi əhatə dairəsinin təmin edilməsi üzrə tövsiyələrini təqdim edib

Bakı, 7 oktyabr, AZƏRTAC

Pandemiya həm ölkələr daxilində, həm də onların arasında tibbi xidmətə çıxış sahəsində qeyri–bərabərliyi, sosial müdafiə sistemində boşluqları, ən əsası isə beynəlxalq birliyin səhiyyə sahəsində qlobal böhrana hazır olmadığını üzə çıxarıb.

AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş tibbi xidmətlərlə ümumi əhatə dairəsinin təmin edilməsi üzrə tövsiyələrini təqdim edərək bildirib.

BMT-də ümumi əhatə dairəsini belə başa düşürlər: planetin bütün sakinləri ağır maliyyə yükünün altında qalmadan zəruri hallarda keyfiyyətli tibbi yardım almaq imkanına malik olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas sənədlərində bu hüquq hər bir insana təsbit olunub və ÜST-nin üzvü olan ölkələr, 1978-ci ildə Almatı Bəyannaməsini imzalayaraq bununla razılaşıblar.

Pandemiya bəşəriyyətin bu məqsədə doğru nə qədər irəlilədiyini qiymətləndirməyə imkan verdi və nəticələr heç də ürəkaçan deyil. Dünya əhalisinin ən az yarısı ən əsas tibbi xidmətlərdən istifadə edə bilmir və yer üzündə 800 milyon insan büdcəsinin on faizini tibbi xidmətə xərcləyir.

Çərşənbə günü tövsiyələrini təqdim edən BMT-nin Baş katibi beş məqama diqqət yetirməyə çağırdı. Birincisi, sübut edilmiş ictimai səhiyyə vasitələrindən istifadə edərək, COVID-19-un yayılmasını nəzarətə almaq lazımdır.

İkincisi, onun sözlərinə görə, pandemiya zamanı, bütün qüvvələr koronavirusla mübarizəyə atıldıqda, digər ciddi xəstəliklər və onların qarşısının alınması barədə unutmaq olmaz. Bu çərçivədə BMT rəhbəri, əhaliyə zehni və reproduktiv sağlamlıq xidmətləri göstərməyi də tövsiyə etdi.

Üçüncüsü, o, əmindir ki, planetin bütün sakinləri COVID-19-a qarşı vaksinin hazırlandığı zaman onu əldə etmək imkanına malik olmalıdır. Bu prosesi sürətləndirmək üçün BMT ACT-Accelerator, vaksin və dərman preparatlarının hazırlanması və istehsalının sürətləndirilməsi üzrə beynəlxalq əməkdaşlıq proqramını maliyyələşdirməyi məsləhət görür.

Dördüncüsü, tibbi xidmətlərlə ümumi əhatəni təmin etmək lazımdır. Bunun üçün hökumətlər səhiyyə sistemlərinin maliyyələşdirilməsini genişləndirməli, o cümlədən adi sakinlər üçün maliyyə maneələrini mümkün qədər aradan qaldırmalıdır.

Nəhayət, beşinci, BMT gələcək pandemiyalara daha yaxşı hazırlaşmağa çağırır. Bu cür hazırlıq təkcə milli səviyyədə deyil, həm də qlobal səviyyədə əlavə investisiyalar, eləcə də bu işdə bütün sektorların və cəmiyyətin bütün təbəqələrinin iştirakı deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.