SİYASƏT


BMT və Azərbaycan arasında hərtərəfli əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb

Bakı, 9 sentyabr, AZƏRTAC 

Sentyabrın 9-da Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

XİN-nin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər BMT və Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünün yüksək qiymətləndirildiyi vurğulanıb və hazırda xüsusi sessiyanın yüksək səviyyəli iclasının format və modallıqları üzrə konkret müzakirələrin getdiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən son təxribat, Ermənistanın öncədən planlaşdırdığı bu hərbi təxribatla güddüyü məqsədləri, eləcə də Azərbaycan tərəfindən bu məsələnin beynəlxalq təşkilatlar çərçivəsində qaldırılması, o cümlədən BMT Baş katibinə məktubun ünvanlanmasından bəhs edib.

Rezident əlaqələndirici Qulam İsakzai iki ölkə sərhədində baş vermiş son insident ilə bağlı BMT Baş katibinin açıqlamasına istinad edib, BMT rəhbərinin bu xüsusda fəal rolunu qeyd edib və BMT-nin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib.

Görüşdə, habelə cari ildə BMT-nin 75 illiyi ilə əlaqədar birgə tədbirlərin həyata keçirilməsi təşəbbüsləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.