CƏMİYYƏT
BMT vəbaya yoluxan haitililərə maddi yardım ödəməyi təklif edir
Bakı, 15 oktyabr, AZƏRTAC
BMT Haitidə vəba əleyhinə yeni strategiya həyata keçirmək niyyətindədir. İlkin hesablamalara görə, bu strategiyanın icrasına yaxın iki ildə təqribən 400 milyon ABŞ dolları tələb olunacaq. Bu məbləğin bir hissəsi vəbaya yoluxanlara ödəniləcək. BMT-nin Baş katibi Pan Gi Mun bu məsələ ilə bağlı fikirlərini vəzifəsindən getməmişdən əvvəl qurumun Baş Məclisinin nümayəndələrinə təqdim edəcək.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bunu Baş katibin birinci müavini Yan Eliasson BMT-nin üzvü olan dövlətlərin nümayəndələri qarşısında brifinqdə çıxışında bəyan edib. Onun sözlərinə görə, bu iş iki istiqamətdə aparılmalıdır. Əvvələn, vəbanın müalicəsi və aradan qaldırılması səylərini fəallaşdırmaq lazımdır. İkincisi, 2010-cu il yaranmış epidemiya zamanı vəbaya yoluxanlara maddi yardım göstərilməlidir.
O bildirib ki, BMT-nin Uşaq Fondu (UNICEF) Fövqəladə Vəziyyətlərə Reaksiya üzrə Mərkəzi Fonddan ayrılmış vəsaitin köməyi ilə çevik dəstək qrupunun üzvlərinin sayını artırmış və xəstəlik ocağını məhdudlaşdırmaq üçün onları daşqından zərər çəkmiş rayonlara göndərmişdir. Dünya Səhiyyə Təşkilatı həmin rayonlara vəba əleyhinə bir milyon vaksin göndərib.
BMT yaxın üç ayda 750 min haitiliyə yardım göstərmək üçün donor ölkələrdən 119 milyon ABŞ dolları istəyib. Söhbət qasırğadan zərər çəkmiş insanlara yardım göstərilməsindən gedir.