İDMAN
BMX üzrə dünya çempionatının üçüncü gününə yekun vurulub
Bakı, 7 iyun, AZƏRTAC
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının üçüncü günündə - iyunun 7-də həvəskarlar və “Masters” kateqoriyalarında yarışlara yekun vurulub.
AZƏRTAC xəbər verir ki, oğlanlar arasında 17-24 yaş kateqoriyasında Niderland idmançıları Kevin Spanninq və Rodi Van Den Heuvel ilk iki pillədə qərarlaşıblar. Böyük Britaniya təmsilçisi Ryan Stak üçüncü yeri tutub.
Kişilər arasında 25-29 yaş kateqoriyasında niderlandlı Robin Van Der Kolk çempion adını qazanıb. Latviyalı Klavs Lisovskis ikinci, braziliyalı Mathes Ferreire Povoas üçüncü yerdə qərarlaşıblar.
Mundialda 30-34 yaş kateqoriyasında kişilərin mübarizəsində Böyük Britaniya idmançısı Skott Vaterhaus bütün rəqiblərini qabaqlayıb. İspaniya velosipedçisi Xavier Manuel Morales Qonzales və latviyalı Kristaps Ozolins ilk üçlüyü tamamlayıblar.
Çempionatda 35 və daha yuxarı yaş qrupunda kişilərin yarışında yeni zelandiyalı Tim Ferqusan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Portuqaliya idmançısı Huqo Martinz və çilili Felipe Perez müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
Yarışda 17-24 yaş kateqoriyasında qızların mübarizəsində Böyük Britaniya idmançıları Şarlotte Qrin və Lauren Stik ilk iki pilləyə yüksəliblər. Fransa idmançısı Salome Ernotte üçüncü olub.
Qadınların 25 və yuxarı yaş qrupunda Niderland idmançısı Lieke Klaus birinci, Çili velosipedçisi Karlo Ortiz ikinci və niderlandlı Suela Ruitenqa üçüncü yeri tutublar.
“Masters” kateqoriyasında 30 və yuxarı yaş qrupunda ABŞ idmançısı Teylor Braun dünya çempionu olub. Venesuelalı Conatan Suarez və kolumbiyalı Xose Luis Diaz Montana ilk üçlükdə yer alıblar.
Start xəttinə çıxan Azərbaycan velosipedçiləri Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə mükafatçılar sırasında yer ala bilməyiblər.
Mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan idmançılara medallar təqdim olunub.
Medalları və mükafatları qaliblərə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və Beynəlxalq Velosipedçilər İttifaqının idman direktorunun müavini, BMX şöbəsinin rəisi Peter Van Den Abel təqdim ediblər.
Mükafatlandırma mərasimindən sonra elit kateqoriyasında idmançıların məşq yürüşləri keçirilir.