CƏMİYYƏT


BMqT-nin Azərbaycan nümayəndəliyi həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimini uğurla başa vurub

Bakı, 28 iyun, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində iyunun 27-28-də Bakı şəhərində həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimi təşkil edib.

Təşkilatın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, təlimdə ilkin seçim mərhələsini keçmiş 5 xanım iştirak edir. Təlim zamanı iştirakçılar kiçik biznes fəaliyyəti və biznesin idarə olunması haqda bilik və bacarıqlar əldə ediblər. Onlar, həmçinin biznes planlarının hazırlanması ilə tanış olub və biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə ediblər. Təlimi uğurla başa vuracaq və biznes planı qiymətləndirmə komissiyası tərəfindən məqbul qiymətləndiriləcək iştirakçılara kiçik sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün dəstək göstəriləcək.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi həssas qruplardan olan 10 qadın üçün ilk təlimi Gəncə şəhərində təşkil edib. Cari ildə artıq 15 nəfər kiçik biznes təlimlərinə qatılıb. Ümumilikdə layihə çərçivəsində indiyədək Azərbaycanın müxtəlif bölgələrindən 21 nəfər BMqT-nin təşkil etdiyi kiçik biznes təlimlərindən keçərək öz bizneslərini qurmaq üçün qrant əldə etmək imkanı qazanıb.

BMqT tərəfindən həyata keçirilən USAID-in maliyyələşdirdiyi “İnsan alverinə qarşı mübarizə” layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.