CƏMİYYƏT
BMqT-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbərinə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Vladimir Georgiyevlə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edən Rövşən Rzayev, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində yaranmış humanitar problemlər barədə ətraflı məlumat verib. Bildirib ki, münaqişə 1 milyon 200 mindən çox qaçın və məcburi köçkünün doğma yurd-yuvasını tərk etməsinə səbəb olub və ölkəmiz ciddi sınaqlarla üzləşib. Bununla belə, Azərbaycan dövləti mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindəndir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda görülən işlərin miqyası çox genişdir. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm xidmətləri var.
Dövlət Komitəsinin sədri ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətindən də söz açıb. Bu istiqamətdə BMqT-nin icra etdiyi layihələrin əhəmiyyəti qeyd edilib və minnətdarlıq bildirilib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev Dövlət Komitəsi ilə əməkdaşlığı bundan sonra da genişləndirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.