İQTİSADİYYAT


BNA tərəfindən qanunvericiliyin pozulması halları qeydə alınıb

BNA tərəfindən qanunvericiliyin pozulması halları qeydə alınıb

Bakı, 15 mart, AZƏRTAC

“Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, keçirilən monitorinqlər nəticəsində “Monella” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb.

Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 163 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. Martın 16-dan bu xətt üzrə daşımalar "BakuBus" MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək.

Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.