SİYASƏT


BÖHTAN, ŞƏR VƏ TƏHQİR KAMPANİYASINA SON QOYULSUN

Son vaxtlar dağıdıcı müxalifətin himayəsində olan “Yeni Musavat”, “Hürriyyət” və digər qəzetlərdə ölkəmizin başçısı Heydər Əliyevin ünvanına böhtan, şər və təhqir kampaniyasına etiraz əlaməti olaraq iyulun 26-da Beynəlxalq Mətbuat Mərkəzində toplantı keçirilmişdir. Toplantıda Mətbuat Şurasının üzvləri, müxtəlif mətbuat orqanlarını təmsil edən 63 tanınmış jurnalist, habelə Milli Məclisin deputatları iştirak edirdilər.

Tədbirdə çıxış edənlər muxalifət qəzetlərində ölkəmizin başçısına qarşı böhtan xarakterli, insanlığa və bəşəri dəyərlərə sığmayan materialların dərc olunmasına etiraz və nifrətlərini bildirmişlər. Onlar birmənalı şəkildə qeyd etmişlər ki, söz və mətbuat azadlığı dövlət atributlarına qarşı mənəvi terror kampaniyasına rəvac verməməlidir. Toplantı iştirakçıları dağıdıcı muxalifətin insanlıqdan kənar əməllərini pisləyən bəyanat qəbul etmişlər.

Bəzi mətbuat orqanlarında dövlət atributlarına qarşı böhtan, şər və təhqir kampaniyasına etiraz edən bir qrup KİV nümayəndəsinin

B Ə Y A N A T I

129 yaşının içində olan Azərbaycan mətbuatının tarixində şərəf dolu səhifələr, qürurverici məqamlar çox olub. Biz Azərbaycan mətbuatının milli-demokratik və maarifçilik ideyalarının yayılması, cəmiyyətin ictimai-siyasi və məfkurəvi yöndən inkişafı istiqamətindəki fəaliyyətini fəxrlə anırıq. Bizim buna haqqımız var. Çünki milli mətbuatımız həmişə yaxşı mənada nümunə olub, düzü düz, əyrini əyri əks etdirən ictimai ayna kimi səhvlərimizi göstərib, bizi haqq yola dəvət edib, milli və siyasi şüurumuzun inkişafını stimullaşdırıb və yönləndirib. Əvəzolunmaz mənəvi dəyərlərimizin, qan yaddaşımızdan süzülüb gələn yüksək əxlaqi və ictimai sərvətlərimizin ən böyük qoruyucularından biri də milli mətbuatımızdır.

Lakin milli və siyasi şüurun daha çox inkişaf etdiyi, ictimai münasibətlərin daha çox gəlişdiyi, insan hüquq və azadlıqlarının prioritetə çevrildiyi indiki XXI əsrdə müşahidə etdiyimiz bir çox faktlar bizi milli mətbuat anlayışına daxil olan bəzi media qurumlarının əməlləri, səviyyəsi və məramı barədə təəssüf hissi ilə danışmaq məcburiyyətində qoyur. Azərbaycanda həddi-hüdudu bilinməyən, bəzən hətta ifrat dərəcəyə çatan söz və mətbuat azadlığı var ki, bu da bilavasitə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasından irəli gəlir. Bununla belə təəssüf hissi ilə qeyd etməliyik ki, bu hüquqlardan səmərəli istifadə halları əvəzinə, onlardan sui-istifadə halları ilə daha çox qarşılaşırıq. Həddin aşılması isə, adətən. anarxiya və qanunsuzluq , habelə cəzasızlıq mühitinin yaranmasına dair illüziyalar doğurur.

Son günlər ölkə mətbuatında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev və onun şəxsiyyəti barədə yazılan məqalələri oxuyanda həmin böhtanların, iftira və uydurma, təhqir və hədyan dolu yazıların müəlliflərinin və bu qeyri-etik materialları dərc edən mətbu orqanların hərəkətləri və tutduğu mövqe hər bir Azərbaycan vətəndaşında hiddət doğurur. Anlaşılmır ki, bu yazıların mətbuata çıxarılmasına cəhd edənlər hansı ölkənin vətəndaşları, hansı təfəkkürün sahibləridir. Axı Azərbaycanda dəyər verilən ən əsas anlayış əxlaq anlayışıdır. Burada böyüyə hörmət, dövlət başçısına, qanunlara, xalqın rəyinə xüsusi sayğı aparıcı yerdədir.

Müxalifət qəzetləri isə Azərbaycanın dövlət başçısı haqqında cürbəcür iftira və böhtanları öz səhifələrinə çıxarmaqla, əvvəla, etik qaydaları, ikincisi, Azərbaycan Respublikası Konstitiusiyasının müvafiq maddələrini, üçüncüsü isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin uyğun bəndlərini kobudcasına pozurlar. Burada məqsədin nədən ibarət olması özlüyündə bəllidir. Bu il oktyabrın 15-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcəkdir. Bu seçkilərdə də Heydər Əliyevə böyük hesabla uduzacağını indidən anlayan siyasi müxalifət həmin aksiyanı pozmağa çalışır. Müxalifət partiyalarının nəzarətindəki bir sıra qəzetlərin Heydər Əliyevə «hücumları» da məhz seçkiləri pozmağa yönəlmiş taktikanın tərkib hissəsidir.

Biz jurnalistlər bütün ölkə mətbuatını dövlətçiliyin əsaslarının sarsıdılmasına, ölkədə xaos və çaxnaşma yaranmasına, qarşıdurmaya rəvac verə biləcək addımlar atmağa cəhd edən bir sıra qərəzli və siyasiləşmiş mətbuat orqanlarının bu addımlarını qınamağa və pisləməyə çağırır, bütün vicdanlı və obyektiv qələm sahiblərini dövlətçiliyimizin müdafiəsinə qətiyyətlə qalxmağa dəvət edirik.

Biz inanırıq ki, bu ilin martında böyük ümidlərlə təsis etdiyimiz Mətbuat Şurası da nəhayət ki, obyektiv və vicdanlı olacaq, ayrı-ayrı siyasi partiyaların yedəyində getmək, onların siyasi sifarişlərinin müti icraçısı olmaq praktikasının ona heç də başucalığı gətirmədiyini anlayacaq, siyasi ehtirasların girovuna çevrilməyərək bütün siyasi münasibətlərin fövqünə qalxa biləcək. Mətbuat Şurasının rəhbərliyində təmsil olunan şəxslərin ayrı-ayrı siyasi partiya funksionerlərinə cangüdənlik etməsi bütün hallarda absurddur. Ümidvarıq ki, Mətbuat Şurasının rəhbərliyi Azərbaycan jurnalistlərinin böyük bir qisminin belə hallara kəskin etirazını nəzərə alacaq və bundan müvafiq nəticə çıxaracaqdır.

Bəxtiyar Sadıqov- Milli Məclisin deputatı,

Milli Mətbuat Şurasının üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru

Sahib Alıyev- Milli Mətbuat Şurasının üzvü,

“Mərkəz” qəzetinin baş redaktoru

Vüqar Rəhimzadə- Milli Məclisin deputatı,

Milli Mətbuat Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru

Fuad Babayev-“Space” telekanalı direktorlar şurasının üzvü

Bəhruz Quliyev - “Səs” qəzeti baş

redaktorunun müavini

Azər Sarıyev- “Palitra” qəzetinin baş redaktoru

Vəli Vəliyev- “Azad Azərbaycan” qəzetinin

baş redaktoru

Nurəddin Heydərli- “Kaspi” qəzetinin baş

redaktoru

Asəf Hacıyev - “Azadinform” xəbərlər

agentliyinin baş redaktoru

Namiq Məmmədli - “Yeni Azərbaycan” qəzeti

baş redaktorun müavini

Kəmaləddin Məmmədli- “Haqqın səsi”

qəzetinin baş redaktoru

Cəmi 63 imza

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.