İQTİSADİYYAT
“BOKT Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 30 noyabr, AZƏRTAC
“BOKT Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, noyabrın 29-da BFB-nin Listinq Komitəsinin qərarı ilə "BOKT Embafinans" MMC-nin ikinci tranş üzrə buraxılan istiqrazları birjada standart bazar seqmentində listinqə daxil edilib. Dekabrın 3-də isə MMC-nin 1 milyon manat məbləğində istiqrazlarının ticarəti Bakı Fond Birjasında həyata keçiriləcək. Ticarətə buraxılan faizli, təmin edilməmiş istiqrazların sayı 1000 ədəddir. İstiqrazların tədavül müddəti bir ildir və illik faiz dərəcəsi 10,5 faiz olmaqla yerləşdiyi tarixdən etibarən dövri olaraq hər bir təqvim ayından bir ödəniləcək.
“BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları oktyabrın 8-də BFB-də ticarətə buraxılıb. İstiqrazların yerləşdirilməsi üzrə anderrayter "AzFinance İŞ" QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.