İQTİSADİYYAT
BOKT “Embafinans”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 15 iyul, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin istiqrazları iyulun 15-də standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, listinqə alınan istiqrazların yerləşdirilməsi iyulun 17-də rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Təqdim oluna biləcək sifarişin aşağı həddi istiqrazın nominal dəyərinə uyğun olaraq 1000 AZN təyin edilib. Ümumi həcmi 1 milyon 500 min manat olan istiqrazlarının tədavül müddəti 365 gün və illik faiz dərəcəsi 11 faiz olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq bir təqvim ayından bir ödəniləcək. Faizli, təmin edilməmiş istiqrazların sayı 1500 ədəd, nominal qiyməti 1000 manatdır.
İstiqrazların emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.