İDMAN
BOK PREZİDENTİ ƏFQANISTAN İDMANÇILARINA HEYRANDIR
AZƏRTAC-ın “Novosti” agentliyinə istinadla verdiyi xəbərə görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqe bildirmişdir ki, Əfqanıstan idmançılarının qələbə və medalları qeyri-sağlam həyat tərzi keçirən gənc əfqanlara yaxşı nümunə olmalı və onlarda da idmana maraq doğurmalıdır.
J.Roqqe bu fikri Əfqanıstan idmançılarının Pakistanda keçirilmiş Cənubi Asiya oyunlarında uğurlu çıxışlarından sonra söyləmişdir.
Oyunlarda əfqanlarla və pakistanlılarla yanaşı, Banqladeş, Nepal, Maldiv, Hindistan və Şri-Lanka idmançıları da çıxış etmişlər. Yarışlarda mübarizə aparmış 150 Əfqanıstan idmançısının 32-si vətənə medallarla qayıtmışdır. Onlar karate, boks, taekvondo və avarçəkmə yarışlarında xüsusilə fərqlənmişlər.
BOK Əfqanıstan Olimpiya Komitəsini öz sıralarına dörd ay əvvəl qəbul etmişdir. Taliblərin rejimi zamanı Əfqanıstan idmançılarına Olimpiya oyunlarında iştirak etmək qadağan olunmuşdu. Afina Olimpiadasına isə Əfqanıstandan altı idmançı gedəcəkdir.