SİYASƏT


BÖLGƏLƏRDƏ HÜZNLÜ GÜNLƏR

Ümummilli liderimiz, Prezident Heydər Əliyevin vəfatı barədə xəbər respublikamızın bütün bölgələrində kədər hissi ilə qarşılanmışdır. Sadə kənd adamları – ağsaqqallar, ağbirçəklər, tanınmış əmək adamları, ziyalılar öz kədərlərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşmüşlər.

SABİRABAD. Fatma Hüseynova, Sosialist Əməyi Qəhrəmanı:

-Türk dünyasının böyük oğlu, əvəzsiz milli liderimiz Heydər Əliyevi həmişə xatırlayacaq, unudulmaz xatirəsinə ehtiram bəsləyəcəyik. Şəxsən mən bütün həyatımla ona borcluyam. Çünki şüurlu həyatım bu dahi siyasətçinin respublikamızın rəhbəri olduğu illərə təsadüf etmişdir.

Sadə kəndli qızı, adi pambıqçı idim. O vaxtlar sovetlər ittifaqının ən yüksək mükafatına – Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüm. Bu dahi insanla pambıq tarlalarında, mötəbər müşavirələrdə dəfələrlə görüşmüşəm. Hər dəfə də işimlə maraqlanar, bir ata kimi məsləhətlər verərdi.

Onun haqqında keçmiş zamanda danışmaq məni üzür. “Əlvida” deyə bilmirəm, ruhun şad olsun, ulu öndər.

X X X

HACIQABUL. Sahib Aslanov, YAP rayon təşkilatının sədri:

- Heydər Əliyev elə böyük dahi, elə qüdrətli şəxsiyyətdir ki, onun universal keyfiyyətləri o qədər möhtəşəm, ölçüyəgəlməzdir ki, sadəcə olaraq bənzərsizdir. Şəxsən mən əmək fəaliyyətimə başlayandan bu günədək başımın üstündə onu görmüşəm. İş elə gətirib ki, hüzurunda söz demək şərəfinə də nail olmuşam. Harada, hansı vəzifədə çalışmağımdan asılı olmayaraq həmişə onun məsləhətləri, göstərişləri köməyimə çatıb.

Biz Heydər Əliyev yolunu həmişə uca tutacağıq. Çünki bu yol xalqımızı, millətimizi firavan gələcəyə aparır.

X X X

NEFTÇALA. İmamverdi Əbilov, filologiya elmləri doktoru, professor:

- Heydər Əlirza oğlu bu xalqın, bu millətin canlı sənət abidəsi, möhtəşəmlik rəmzi, aqil və adil rəhbəri, yenilməz sərkərdəsi idi. Onun haqqında çoxlu təşbehlər deyiləcək, gözəl bədii ifadələr işlədiləcəkdir. Fəqət Heydər Əliyev nəhəngliyinin ifadəsinə söz acizdir. Ulu öndərimiz milləti yolunda o qədər ölçüyəgəlməz, titanik işlər görüb ki, həmin işləri görməkdən ötrü adi insan ömrünün fiziki imkanları yetərli ola bilməzdi.

Bəli, Heydər Əliyev canlı əfsanə idi. Rəsmi məclislərdə saatlarla dümdüz, şax dayanan, sinədən nitq söyləyən, söylədiklərinin nöqtəsinə, vergülünə kimsənin toxuna bilməyəcəyi çıxışları ilə qəlblərə hakim kəsilən Böyük kişi haqqında həyəcansız danışmaq mümkün deyildir.

Heydər Əliyev bizim müasirimizdir. O, gələcək nəsillərin də müasiri olaraq əbədi yaşayacaqdır.

X X X

SALYAN. Sabir Əhmədov, Sosialist Əməyi Qəhrəmanı:

- Heydər Əlirza oğlu respublikamıza rəhbərilk etdiyi illərdə Salyana tez-tez gəlirdi. Yadımdadır, 70-ci illərdə Heydər Əliyev müşavirələri çox vaxt pambıq tarlalarında keçirər, əmək adamları ilə canlı təmasda olardı. O vaxtlar mən təsərrüfat rəhbəri idim. Heydər Əliyev bizdən təkcə iş tələb etmirdi, həm də qeydimizə qalır, hər bir dərdimizə şərik çıxır, uğurumuza sevinirdi. Bəlkə də bizi gecəli-gündüzlü fədakarcasına çalışmağa sövq edən də elə bu qayğı idi. Mən o illərdə layiq görüldüyüm Sosialist Əməyi Qəhrəmanı adını ömrüm boyu Heydər Əliyevin qiymətli əmanəti hesab etmişəm. Düşünürəm ki, o vaxtlar fəxri ad alanların hamısı mənimlə razılaşarlar.

Heydər Əliyev, sözün əsl mənasında, müdrik ağsaqqal, millətin atası idi.

Bircə təsəllimiz var: Heydər Əliyev əbədiyyətə qovuşdu, tarixə döndü - yurdun ulu tarixinə. Tarixə dönən ömür isə yenə də bu millətin sərvəti olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.