İQTİSADİYYAT
BÖLGƏLƏRDƏ NEFT STRATEGİYASINAMARAQ BÖYÜKDÜR
DÖVLƏT NEFT ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİ REGİONLARDA GÖRÜŞLƏRİ DAVAM ETDİRİRLƏR
Şirkətin baş energetiki, YAP ərazi təşkilatının sədri, Qarabağ müharibəsi veteranı Məhəmmədəli Məmmədzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, bu səfərlərimizdən məqsəd Prezident Heydər Əliyevin yeni neft strategiyası və onun həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə daha ətraflı məlumat verməkdir. Bu yaxınlarda Göyçayda, Quba-Xaçmaz zonasında olmuşuq. Onu da deyim ki, son illər bu rayonların siması tanınmaz dərəcədə dəyişmişdir. Hamısında geniş tikinti-abadlıq işləri gedir, əhalinin işlə təmin olunması sahəsində tədbirlər görülür. Dövlət başçısının iş adamına göstərdiyi qayğıdan ruhlanan sahibkarlar yeni-yeni istehsal və emal strukturları yaradırlar. Haraya getdiksə, ruh yüksəkliyinin, sabahkı günə böyük inamın şahidi olduq. Həmsöhbətlərimizin hamısı qazanılan uğurları respublikamızda bərqərar olmuş sabitliyin nəticəsi hesab edirlər. Eyni zamanda, İlham Əliyevin Baş nazir təyin olunmasını müdrik addım kimi qiymətləndirirlər.
Bölgələrdəki görüşlərimiz zamanı tarixə müraciət edir, neft strategiyasından, onun təkcə respublikamız üçün yox, bütün region üçün əhəmiyyətindən söz açırıq. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması mərasimində Prezidentimizin dediyi bu sözləri xatırladırdıq: “Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir”.
Söhbətlərimizdə vurğulayırıq ki, imzalanmış müqavilələr nəinki neft-
qaz ehtiyatlarımızın işlənilməsində, həm də digər sənaye sahələrinin
dirçəldilməsində də həlledici rol oynayır. Bildiririk ki, neft strategiyasının
uğurla həyata keçirilməsində İlham Əliyevin çox böyük xidmətləri var.
“Əsrin müqaviləsi” imzalanandan bəri görülən digər işlərdən, o
cümlədən çəkilməkdə olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru kəmərindən, Neft Fondunun yaradılmasından, bu Fondun xalqın sosial
rifahının yüksəldilməsində oynadığı roldan da söhbət açırıq.