SİYASƏT
BOLQARISTANLI MÜŞAHİDƏÇİLƏR SEÇKİLƏRƏ HAZIRLIQDAN RAZIDIRLAR
Parlamentin sədri Murtuz Ələsgərov demişdir ki, Azərbaycanda seçkilərin ədalətli və demokratik keçirilməsi üçün lazımi qanunvericilik bazası yaradılmış, beynəlxalq standartlara cavab verən Seçki Məcəlləsi qəbul edilmişdir.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermişdir. O demişdir ki, BMT TŞ məsələ ilə bağlı 4 qətnamə qəbul etsə də, ermənilər işğal etdikləri ərazilərdən çıxmaq istəmirlər. Azərbaycan bu ağrılı problemin sülh yolu ilə həllinə tərəfdardır. Əgər danışıqlar bir nəticə verməsə biz başqa vasitələrə əl atacağıq.
Sonra sədr Azərbaycan-Bolqarıstan parlament əlaqələrindən danışmış və bu sahənin inkişaf perspektivlərini yüksək qiymətləndirmişdir.
Murtuz Ələsgərov Bolqarıstan parlamentinin sədrini Azərbaycana səfərə dəvət etmişdir.
Nümayəndə heyətinin rəhbəri Yordan Dimov Azərbaycanda keçirdikləri müşahidələr zamanı prezidentliyə namizədlərə ayrı-seçkilik qoyulmadığının şahidi olduqlarını, əhalinin yüksək əhval-ruhiyyəsini xüsusi qeyd etmişdir.
Bolqarıstanlı deputatlar Dağlıq Qarabağ problemində təmsil etdikləri ölkənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdilər. Sonra onlar parlament səviyyəsində, neft, turizm sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etmişlər.
Görüşdə Milli Məclisin deputatı Vaqif Abdullayev və Bolqarıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili İvan Palçev iştirak etmişlər.