SİYASƏT
BORÇALILAR İLHAM ƏLİYEVİN BÖYÜK SİYASƏTƏ GƏLİŞİNİ ALQIŞLAYIR VƏ DƏSTƏKLƏYİRLƏR
Marneuli icra hakimiyyətinin başçısı Qoça Loriya görüşü açaraq, qonaqları təqdim etdi və rayonda ictimai-siyasi və iqtisadi vəziyyətdən danışdı. Ölkəmizin Tbilisidəki səfiri Hacan Hacıyev Azərbaycan-Gürcüstan dostluğunun tarixindən, gündən-günə möhkəmlənməsindən söhbət açdı. Səfir Azərbaycanın hərtərəfli inkişafında, dünyada tanınmasında Prezident Heydər Əliyevin misilsiz xidmətlərini vurğuladı. O, görüş iştirakçıları adından İlham Əliyevə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində uğurlar dilədi və əmin olduğunu bildirdi ki, siyasətdə artıq öz dəst-xətti və beynəlxalq aləmdə yüksək nüfuzu olan İlham Əliyev dövlətimizin başçısının siyasətini layiqincə davam etdirəcəkdir.
Texnika elmləri doktoru Eldar Şahbazov Xəzərin neft və qaz ehtiyatları barədə məlumat verdi, güclü iqtisadiyyata malik Azərbaycanın öz dostu və strateji tərəfdaşının - Gürcüstanın da güclü dövlətə çevrilməsində maraqlı olduğunu vurğuladı. O, Azərbaycanın əsası Prezident Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının gerçəkləşməsində İlham Əliyevin xidmətlərindən, habelə ölkənin neft strategiyasına dair elmi tədqiqat xarakterli əsərlərindən, bu əsərlərin təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də mütəxəssislər tərəfindən müsbət qiymətləndirilməsindən də geniş söhbət açdı.
Milli Məclisin deputatı Vaqif Abdullayev Şərq-Qərb enerji dəhlizinin reallığa çevrilməsinin məhz Prezident Heydər Əliyevin siyasi iradəsinin və uzaqgörənliyinin nəticəsi olduğunu vurğuladı. Cəmi bir neçə il öncə işıq üzü görmüş və artıq 10-dək dilə çevrilmiş “O, böyük siyasətə hazırdır” kitabının müəllifi öz əsərinin qəhrəmanı, Azərbaycanın Baş naziri təyin edilmiş İlham Əliyevə xalqımızın böyük ümidlər bəslədiyini vurğulayaraq dedi: “Mən gürcüstanlı soydaşlarımızın, bütün Borçalı sakinlərinin söhbətlərindən və bugünkü görüşdən sonra belə qənaətə gəldim ki, onlar da İlham Əliyevin böyük siyasətə gəlişini alqışlayır və onu dəstəkləyirlər”.
“Qeyrət” xalq hərəkatının başçısı Əlibala Əsgərov BTC-nin Gürcüstan sahəsinin tikintisinə azərbaycanlıların az cəlb edilməsinin narazılığa səbəb olduğunu bildirdi.
Görüşdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, YAP-ın ARDNŞ təşkilatının katibi Məmmədəli Məmmədzadə, qocaman ziyalı Yusif Yusifov və başqaları çıxış edərək, Prezident Heydər Əliyevə cansağlığı və tezliklə Vətənə qayıtmağı arzuladılar.