DÜNYA
BÖYÜK BRİTANİYADA İRQLƏRARASI MÜNASİBƏTLƏR XEYLİ PİSLƏŞMİŞDİR
Böyük Britaniyada son on il ərzində irqlərarası münasibətlər xeyli pisləşmiş və getdikcə pisləşəcəkdir. Bazar ertəsi dərc olunmuş ictimai rəy sorğusunun nəticələri sübut edir ki, Britaniya əhalisinin təxminən yarısı (47 faiz) bu fikirdədir. Sorğunu yerli İrqi hüquq bərabərliyi komissiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə nüfuzlu MORİ sosioloji xidməti aparmışdır.
Respondentlərin 29 faizi bu məsələdə tam əks fikirdə olduğunu bildirmişdir.
İTAR-TASS xəbər verir ki, sorğunun nəticələrinə görə, ölkənin ağ dərili əhalisi irqlərarası münasibətlərin vəziyyəti barədə etnik azlıqların nümayəndələrindən daha bədbin fikirdədir. MORİ -nin keçirdiyi sorğunun iştirakçılarının əksəriyyəti bu fikirdədir ki, cəmiyyət gələcəkdə çoxmillətli olmalıdır. Lakin ingilislərin üçdə ikisi etiraf etmişdir ki, krallığın başqa irqdən olan vətəndaşları ilə dostluq münasibətləri qurmaq fikrində deyildirlər. Əhalinin yarıdan çoxu (61 faiz) hesab edir ki, ölkədə mühacirlər həddindən artıq çoxdur.