DÜNYA
BÖYÜK BRİTANİYADA “UZANIB-QALXAN” MOBİL TELEFON İXTİRA EDİLMİŞDİR
Bakı, 21 iyul (AZƏRTAC). Britaniya dizayneri Ceremi İnnes-Hopkinsin ağlına mobil telefonların inkişafına xidmət edəcək ideya gəlmişdir. Söhbət Nokia şirkətinin istehsalı olan portativ aparatlardan gedir.
Britaniyalının konsepsiyası kənardan serhbazın fokusunu xatırladır. Dizaynerin Nokia Kinetic markalı telefonu müstəqil hərəkət edə biləcəkdir. Özü də vibrosiqnalın köməyi ilə stolda yerini dəyişən digər telefonlar kimi deyil. İstifadəçi dəstəyi qaldırmayacaqdır. Dəstək özü qalxacaqdır. Smartfonlarda olduğu kimi bu telefonun kamerası, mini-USB portu, sensor ekranı vardır. Lakin qurğunun maraqlı tərəfi bu deyildir. Məsələ bundadır ki, mobil telefon özünü “fəal” aparır, harada yerləşdiyini elə qeyri-adi üsulla xəbər verir ki, bu, sahibinin gözündən yayınmır.
Hər dəfə zəng gələndə harada yerləşməsindən asılı olmayaraq, telefon sözün əsl mənasında qalxır. SMS məlumatlar barədə də sahibinə eyni üsulla xəbərdarlıq edir. Saatın zəng səsi də mobil telefonu bu yolla “oyandırır”.
Telefona bu “davamlılığı” içinə bərkidilmiş elektromaqnit və qeyri-bərabər qalınlığı (başlanğıcda 18 mm, qurtaracaqda 88 mm) verir.
Dizaynerin fikrincə, aparatdan istifadə insanlar üçün rahat olacaqdır. Məsələn, telefon zənginə cavab vermək istəmirsinizsə, şaquli vəziyyət alan aparata yüngül toxunmaqla onu növbəti zəngə qədər ilkin vəziyyətinə qaytara bilərsiniz.