SİYASƏT
BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ İSTEFA VERMƏK NİYYƏTİNDƏ DEYİLDİR
Xarici mətbuatın yaydığı xəbərlərdə deyilir ki, Böyük Britaniyanın baş naziri Toni Bleyer bəyan etmişdir ki, Britaniyanın silahlar üzrə eksperti Devid Kellinin ölümü ilə bağlı qalmaqala görə istefa vermək niyyətində deyildir. Britaniya hökuməti həmin şəxsin İraq müharibəsi ərəfəsində rəsmi Londonun “İraq dosye”sini saxtalaşdırması barədə məlumatları Bİ-Bİ-Si-yə ötürməsindən şübhələnir. Baş nazir bildirmişdir ki, Kellinin ölümünün səbəblərini araşdıran müstəqil istintaqa ifadə verməyə hazırdır və alimin ölümündə hökumətin hətta dolayısı ilə əli olduğu sübuta yetirilərsə, bütün məsuliyyəti öz üzərinə götürəcəkdir. Bleyer jurnalistləri və siyasətçiləri istintaqın davam etdiyi müddətdə “təmkinli” olmağa çağırmışdır.
Baş nazir bu bəyanatı Seulda, ikitərəfli danışıqların yekunlarına dair Koreya Respublikasının Prezidenti No Mu Xenlə birgə keçirdiyi mətbuat konfransında vermişdir.