DÜNYA
BÖYÜK BRİTANİYANIN ERMƏNİSTANDAKI SƏFİRLİYİ DİPLOMATİK NÜMAYƏNDƏLİYİN VƏZİFƏLİ ŞƏXSİNİN SÖHBƏTİNİN XƏLVƏTİ DİNLƏNİLMƏSİNDƏN NARAHATDIR
Böyük Britaniyanın Ermənistandakı səfirliyi diplomatik nümayəndəliyin vəzifəli şəxsinin və müxalif partiyaların liderlərindən birinin söhbətlərinin xəlvəti dinlənilməsindən və sonra da mətbuat səhifələrinə çıxarılmasından narahat və məyusdur. AZƏRTAC “RİA Novosti”yə istinadla bildirir ki, bu, Böyük Britaniyanın Ermənistandakı səfirliyinin bəyanatında açıqlanmışdır.
Bəyanatda deyilir: “ATƏT, Avropa İttifaqı, Avropa Şurası kimi, Böyük Britaniya səfirliyi də istəyir ki, mayın 12-də keçiriləcək parlament seçkiləri beynəlxalq standartlara uyğun olsun. Odur ki, səfirlik bütün siyasi rəylərdən hali olmaq üçün Ermənistanın siyasi məkanında fəaliyyət göstərən qurumların hamısı ilə, habelə ayrı-ayrı şəxslərlə geniş əlaqə saxlayır. Bu, bizə ölkədə gedən siyasi proses barədə hərtərəfli məlumat almağa imkan verir”.
Yerevanın rusdilli “Qolos Armenii” qəzetinin 21 aprel tarixli nömrəsində “Orinats Yerkir” partiyasının lideri, Ermənistan parlamentinin sabiq sədri Artur Bağdasaryan və Böyük Britaniyanın Yerevandakı səfirinin müavini Riçard Hayd arasında söhbətin mətni verilmişdir.
Söhbət əsnasında Bağdasaryan britaniyalı müsahibini təkidlə inandırmağa çalışmışdır ki, parlament seçkilərindən sonra beynəlxalq müşahidəçilərin kəskin mənfi mövqeyi prezident seçkilərindən sonra veriləcək qiymətdən qat-qat vacibdir. O vurğulamışdır ki, beynəlxalq müşahidəçilərin qiyməti “Orinats Yerkir” partiyasının parlament seçkilərindən sonra səsləndirəcəyi rəydən çox asılı olacaqdır.