ELM VƏ TƏHSİL
BÖYÜK ŞƏXSİYYƏT DEN SYAOPİNİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin, ÇXR-in respublikamızdakı səfirliyi və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkil etdikləri tədbirdə tanınmış alim və mütəxəssislər iştirak etmişlər.
Universitetin rektoru, professor Müşfiq Atakişiyev çıxış edərək Çin Xalq Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafında xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, konfransın əhəmiyyətini diqqətə çatdırmışdır.
Təhsil nazirinin müavini Elmar Qasımov dünyanın ən böyük ölkələrindən biri olan ÇXR-in nailiyyətlərindən və bu nailiyyətlərin əldə olunmasında böyük şəxsiyyət Den Syaopinin tarixi rolundan, onun öz ölkəsində apardığı islahatların əhəmiyyətindən danışmışdır.
O, Prezident Heydər Əliyevin 1994-cü ildə Çinə etdiyi səfərindən sonra xalqlarımız arasında mehriban münasibətlərin daha da inkişaf etdiyini xüsusi vurğulamışdır.
Nazir müavini, eyni zamanda, iki ölkə arasındakı təhsil əlaqələrinin uğurlu nəticələrini konkret faktlarla diqqətə çatdırmışdır.
ÇXR-in Bakıdakı səfiri Çjan Siyun öz ölkəsinin inkişafında görkəmli siyasi xadim Den Syaopinin göstərdiyi tarixi xidmətlərdən danışmışdır.
Çin ilə Azərbaycanın dostluq əlaqələrinin əhəmiyyətindən bəhs edən səfir bu əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu söyləmişdir.
Sonra Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, professor Səttar Səfərovun “Den Syaopin iqtisadi doktrinasında azad iqtisadi zonalar problemi”, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin “Müasir dünya iqtisadiyyatında Den Syaopin fenomeni”, Dovlət Neft Akademiyasının prorektoru, professor İmran Cəfərzadənin “Den Syaopinin dövlət quruculuğu doktrinasında yeni strateji istiqamətlər” mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçilər müdrik ictimai xadim Den Syaopinin iqtisad elminə, Çin iqtisadiyyatının inkişafına verdiyi əvəzsiz töhfələrdən geniş söhbət açmış, bu böyük şəxsiyyətin sosial-iqtisadi modelinin dərindən öyrənilməsinin və həmin modeldən bəhrələnməyin vacibliyini diqqətə çatdırmış, həmçinin son illər respublikamızda həyata keçirilən islahatlardan danışmışlar.