İQTİSADİYYAT


BP ACE layihəsində daha bir uğura nail olub

Bakı, 28 iyul, AZƏRTAC

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə hazırda tikilməkdə olan ACE üst tikililər blokunun üzərinə yerləşdirib.

BP-dən AZƏRTAC-a bildirilib ki, iki qazma modulu bunlardır: çəkisi 2350 ton, uzunluğu 43 metr, eni 20 metr və hündürlüyü 20 metr olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton, uzunluğu 32 metr, eni 22 metr, hündürlüyü 80 metr olan qazma avadanlığı dəsti (QAD). Bu iki qazma modulu ACE-in üst tikililər blokundan kənarda “qaldırma və sürüşdürmə” əməliyyatınadək ayrıca inşa olunub. Modullar Bibiheybətdəki istehsalat-quraşdırma sahəsində inşa edilib.

ACE layihəsinin baş meneceri Nil Fillips deyib: “Bu, BP-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılan mürəkkəb bir əməliyyat idi. Əvvəlcə modulları üst tikililərin göyərtəsinin yanında olan əsas qaldırma yerinə aparmaq üçün onların altına özü hərəkət edən qoşqular yerləşdirilib və bu qoşqularla modullar göyərtənin yanında aparılıb, sonra modulların altına əlavə polad kasetlər yerləşdirməklə onlar təxminən 27 metr lazım olan hündürlüyə qaldırılıb. Bundan sonra hidravlik itələyici domkratlar vasitəsilə modullar göyərtənin üzərinə sürüşdürülüb və öz daimi mövqelərinə yerləşdirilib. Bu, unikal əməliyyatı təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq həyata keçirdiyimiz üçün çox qürurluyuq. Bu, bizə modulun inteqrasiyasından əvvəl istismar sınağına başlamaq imkanı yaradıb”.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli qeyd edib: “İki qazma qurğusunun ACE-in üst tikililər göyərtəsinə qaldırılması və uğurlu inteqrasiyası ACE layihəsinin tam başa çatdırılması istiqamətində nail olunmuş əlamətdar hadisədir. Bu əməliyyatın uğurla yerinə yetirilməsi Azfen, NOV, SOCAR-KBR və Mammoet daxil olmaqla ACE layihəsinin podratçıları ilə sıx əməkdaşlıqda aparılmış təxminən dörd illik mühəndis-layihələndirmə və istehsal işlərinin nəticəsidir. Bu mühüm nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirəm”.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli vurğulayıb: “AÇG yatağından hasilatın səmərəli şəkildə idarə olunması istiqamətində göstərdiyimiz səylərə dəstək olacaq növbəti AÇG platforması - ACE platformasının istismara verilməsi üzrə işlər plana uyğun irəliləyir. 2017-ci ildə biz AÇG üzrə sazişi əsrin ortalarınadək uzatdıq və Azərbaycanın uzunmüddətli enerji tərəfdaşı olaraq AÇG əməliyyatlarını təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etdirmək öhdəliyimizə sadiqik.

Biz Azərbaycanda 30 ildir fəaliyyət göstəririk və ən azı növbəti üç onillik ərzində də burada olacağıq ki, bu ölkənin hökuməti, SOCAR və tərəfdaşlarımızla birgə işləyərək yeni sərmayələr, texnologiyalar və yeni birgə səylər vasitəsilə AÇG-nin uzunmüddətli istismar potensialını reallaşdıraq”.

ACE layihəsi üzrə işlər ümumilikdə 75 faiz tamamlanıb və hazırda ən yüksək həddədir. Bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.