“BP Azerbaijan” Şərqin ilk demokratik respublikasının qurucularına həsr olunan kitab hazırlayıb YENİLƏNİB
AzerTAg.az
Bakı, 11 may, Nihad Budaqov, AZƏRTAC
Mayın 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında “BP Azerbaijan” şirkətinin dəstəyi ilə hazırlanan və Şərqin ilk demokratik respublikasının qurucuları olan 59 nəfərin xatirəsinə həsr olunan sanballı tədqiqat kitabının ictimaiyyətə təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Cümhuriyyət qurucuları” adlı kitabın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə BP-nin öz töhfəsi olduğunu deyib. Kitab Şərqin ilk demokratik respublikasının qurucularına və onların tarixi töhfəsinə həsr edilmiş qiymətli nəşrdir.
“Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Cümhuriyyət qurucularının xalqın tarixinə töhfəsi əvəzsizdir və BP fəxr edir ki, istiqlal mübarizəsi aparmış bu 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat işinə və kitabın nəşrinə dəstək verib”, - deyə Bəxtiyar Aslanbəyli əlavə edib.
O qeyd edib ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüs və fəaliyyəti həmişə dəstəkləyib: “Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz Cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq”.
Kitabın müəllifi, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu bildirib ki, kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir: “Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər Cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb”.
Xalq Yazıçısı, görkəmli ictimai xadim və ədib, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə sanballı tədqiqat nəşrinin əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının bu tarixi qərarı dövlətçilik tariximizdə ən önəmli hadisələrdən biridir.
Qeyd edək ki, “BP Azerbaijan” şirkəti, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin son gününü və faciəvi süqutunu təsvir edən “Sonuncu iclas” adlı sənədli filmin də sponsorudur.







Xəbərin mətnində orfoqrafik səhv var