İQTİSADİYYAT
BP: “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə işlər qrafikə uyğun davam edir
Bakı, 4 fevral, AZƏRTAC
2023-cü ildə “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə ilk hasilatı əldə etmək üçün həyata keçirilən işlər qrafikə uyğun davam edir.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, il ərzində ACE layihəsi, eləcə də BP-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.
İlin sonuna müfəssəl mühəndis-layihələndirmə işləri əsasən bitib. İl ərzində daha əvvəllər gətirilmiş çoxsaylı lövhələr, boru xətləri və digər iri materiallara əlavə olaraq dördüncü rübdə ən azı 10 iri avadanlıq yükü Bakıya çatdırılıb.
Platformanın üst modulların və qazma qurğularının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Son əməliyyatlara aşağıdakılar daxildir: alt göyərtənin seksiyalarının stapelin üzərinə qaldırılması, ilk iri avadanlıq komponentlərinin öz yerlərinə yerləşdirilməsi, boru xətləri ilə yanaşı, açıq göyərtənin panelinin quraşdırılması işlərinin genişləndirilməsi, qazma qülləsinin tikinti-quraşdırma sahəsinə gətirilməsi və qazma modullarının sahədə quraşdırılması və montajı işlərinin başlanması.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq bloku payalarının tikintisi tamamlanıb, uğurla yüklənərək platformanın quraşdırılacağı yerə göndərilib və təhlükəsiz şəkildə dəniz dibində quraşdırılaraq platformanın dayaq blokunu qəbul etməyə hazır vəziyyətə gətirilib. Dayaq blokunun quraşdırılması işləri davam edib. Hazırda onun birinci seksiyaları stapelə yüklənib. 2020-ci ildə sualtı qurğuların istehsal-quraşdırma işlərinə başlanıb.
İl ərzində, həmçinin ACE layihəsinin digər hissələrini də irəli aparan işlər görülüb. Bunlara lay sularının idarə olunması ilə bağlı “Mərkəzi Azəri” platformasında aparılan işlər və “Şərqi Azəri” platformasında ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə hazırlığın başlanması daxildir. Bundan əlavə, Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi ilin sonuna, demək olar ki, tamamlanıb və bu nəzarət otağının quraşdırması 2021-ci ilə planlaşdırılır.
2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq yükləri Azərbaycana doğru hərəkət etməkdə davam edir.