İQTİSADİYYAT
BP: Gürcüstanda ikinci kompressor stansiyasının istismar sınaqları plana uyğun irəliləyir
Bakı, 21 noyabr, AZƏRTAC
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə Gürcüstanda ikinci kompressor stansiyasının istismar sınaqları plana uyğun irəliləyir.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, cari ilin doqquz ayında Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq iyunun 30-da başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib.
Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir, CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.
Eyni zamanda, Azərbaycan ərazisində CQBKG-nin mexaniki tamamlanması işləri cədvəli qabaqlamaqla başa çatıb. Gürcüstanda ikinci kompressor stansiyasının istismar sınaqları plana uyğun irəliləyir. Həmin obyekt bütövlükdə tikinti mərhələsindən istismar sınaqları mərhələsinə keçib.