İQTİSADİYYAT
BP: Hazırda “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə qazma modulunun inşası davam edir
Bakı, 16 noyabr, AZƏRTAC
Üçüncü rüb ərzində “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, son əməliyyatlara COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, iri qurğuların qaldırılması proqramına başlanması, qazma qurğusunun sahəyə gətirilməsi, onun hər üç hissəsinin barjadan boşaldılması və sahənin tikinti hissəsinə yerləşdirilməsi daxildir. Hazırda qazma modulunun inşası davam edir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun payalarının inşası başa çatdırılıb, uğurla dənizə yola salınıb və platformanın dayaq blokunu qəbul etmək üçün dəniz dibində quraşdırılıb. Dayaq blokunun və sualtı qurğuların inşası davam edir.
2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq Azərbaycana doğru hərəkət etməkdədir.