İQTİSADİYYAT
BP-nin vitse-prezidenti: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Bakı, 1 iyun, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz sahəsinə sərmayə axınına səbəb oldu.
AZƏRTAC xəbər verir ki bu sözləri BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Forumunun panel iclasında deyib.
O bildirib ki, həmin ildən BP Azərbaycan ilə yaxından əməkdaşlıq edir və bir çox beynəlxalq əhəmiyyətli enerji layihələrini birgə həyata keçiriblər.
Onun sözlərinə görə, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar bloku çox unikal neft-qaz mənbəyidir. Burada qaz ehtiyatları çoxdur və onun çıxarılması istiqamətində iş aparılır. Yataqlar blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi prosesi aparılır.
Q.Birrel nəzərə çatdırıb ki, “Şahdəniz” qaz-kondensat yatağından daha çox qaz əldə etmək imkanları da araşdırılır və hazırda burada yeni kəşfiyyat quyusu qazılır.
BP-nin vitse-prezidenti qeyd edib ki, şirkət Xəzərin Azərbaycan sektorunda əlavə qaz hasil edəcək.
Q.Birreli vurğulayıb ki, müasir dünyada ekoloji cəhətdən təmiz enerji istehsalı aktual xarakter alıb. BP də bu istiqamətdə böyük addımlar atır və sərmayələr yatırır. Belə layihələrdən biri Azərbaycan hökuməti ilə həyata keçirilir. BP Cəbrayıl rayonunda 200 meqavatlıq günəş stansiyası inşa edir. Azərbaycanın “yaşıl” enerji istehsal etmək üçün də böyük potensialı var və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.