ELM VƏ TƏHSİL
BP şirkəti Bakı Dövlət Universitetinə çap, poliqrafiya və nəşriyyat mərkəzi təqdim edib
Bakı, 2 iyun, AZƏRTAC
BP şirkəti Bakı Dövlət Universitetinə rəqəmsal texnologiyalara əsaslanan çap, poliqrafiya və nəşriyyat mərkəzi təqdim edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, mərkəzdə quraşdırılmış avadanlıq Azərbaycanın ən qədim universitetinin təxminən 25 min tələbə və professor-müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin edəcək.
Universitetdə müasir çap, poliqrafiya və nəşriyyat avadanlığı, kompüterlər, kondisioner və təhlükəsizlik sistemləri ilə təchiz olunmuş bu yeni mərkəzin rəsmi açılışına həsr olunmuş tədbir keçirilib.
BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bakı Dövlət Universitetinin indi müstəqil çap, poliqrafiya və nəşriyyat mərkəzi var və biz bu imkanı yarada bilməyimizdən çox məmnunuq. Mərkəzdə quraşdırılmış müasir rəqəmsal texnologiyalar universitetin bütün çap, poliqrafiya və nəşriyyat ehtiyaclarını təmin edəcək. Bu isə o deməkdir ki, universitetin professor-müəllim heyəti və tələbələri öz elmi-tədqiqat işlərini, məqalələrini, ümumiyyətlə bütün elmi-yaradıcılıq fəaliyyətlərinin nəticələrini öz universitetlərində nəşr etdirə biləcəklər və kənar nəşriyyat xidmətlərinə müraciət etməyə daha ehtiyac qalmayacaq. Düşünürük ki, universitetin özünün belə bir müasir nəşriyyat mərkəzinin olması bu təhsil ocağında elmi-tədqiqat və yaradıcılıq fəaliyyətləri üçün yeni imkanlar açacaq”.
Mərkəz çap, poliqrafiya və nəşriyyat proseslərini tam həyata keçirə biləcək. Bunun üçün bütün zəruri avadanlıqlar, o cümlədən müxtəlif maşınlar, printerlər, skanerlər, proqramlar və sistemlər alınıb və quraşdırılıb. Layihənin ümumi dəyəri təqribən 537 min manatdır. Onun icra müddəti isə bir ildir.