İQTİSADİYYAT


BP şirkəti TAP boru kəmərinin tikintisinin yekunlaşmasını alqışlayır

Bakı, 13 oktyabr, AZƏRTAC

BP şirkəti TAP boru kəmərinin inşasının yekunlaşmasını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə BP şirkəti məlumat yayıb.

“BP bir səhmdar şirkət olaraq, Azərbaycanın və digər aidiyyəti hökumətlərin, Avropa Komissiyasının, dövlət və özəl sektordan olan maraqlı tərəflərin və bir sıra beynəlxalq maliyyə qurumlarının Cənub Qaz Dəhlizinin işlənməsi, tikintisi və Avropaya təbii qaz nəqli komponentlərinin birləşdirilməsi üçün uzunmüddətli səylərinin uğurla başa çatması haqqında TAP boru kəmərinin açıqlamasını alqışlayır. TAP-ın və bu ilin noyabr ayında “Snam Rete Gas” tərəfindən başa çatdırılması planlaşdırılan birləşdirici boru kəmərinin istismar sınaqları “Şahdəniz” konsorsiumuna imkan verəcək ki, Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətinə təbii qaz təchizatına planlaşdırıldığı kimi 2020-ci ilin sonunadək başlamaq üçün son işləri yekunlaşdırsın.

SOCAR-la birlikdə biz təxminən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi dəyər zəncirinin bütün nəql komponentlərinin səhmdarı olmaqdan qürur duyuruq. Bu yeni qaz nəqli sistemi Azərbaycan Respublikasına imkan verəcək ki, alternativ enerji mənbəyi təmin etməklə Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təklükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr versin”, - deyə BP-nin məlumatında deyilir.

Qeyd edək ki, boru kəmərinin operatoru olan TAP AG şirkəti Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP boru kəmərinin tikintisinin yekunlaşdığını açıqlayıb. Bildirilir ki, tikinti işlərinə başlanılmasından təxminən 4 ilyarım sonra TAP boru kəməri əsaslı şəkildə tamamlanıb. TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub.

İyunda TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlanıb. Boru kəmərinin dəniz hissəsində ümumi çəkisi 100 min ton ağırlığında 36 düym diametrli təxminən 9000 boru istifadə edilib. Borular Adriatik dənizinin dibi ilə çəkilib: İtaliya sularında 25 kilometr, beynəlxalq sularda 43 kilometr və Albaniya sularında 37 kilometr. TAP-ın ən dərindən keçən hissəsi dəniz səviyyəsindən təxminən 810 metrdir. “Castoro Sei” gəmisi gündəlik orta hesabla 1,2 kilometr və bir gündə isə maksimum 2,8 kilometr boru düzüb.

TAP layihəsi çərçivəsində Yunanıstanda sınaq işləri də tamamlanıb. Üç ötürücü sistem operatoru – TAP AG, “Snam Rete Gas” və “DESFA” davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını elan edib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq, enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir. Ötən il iyulun əvvəlində TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.

TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işləri başa çatıb. TAP-ın Yunanıstan hissəsində torpaq örtüyünün bərpası işləri yekunlaşır.

TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada (8 kilometr) boruların tikintisi aparılır. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.

Yunanıstan, Albaniya və İtaliyada boru kəməri marşrutunun 99 faizində torpaq örtüyü bərpa edilib. Layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.