İQTİSADİYYAT


BP və tərəfdaşları icmaların inkişafı üçün 3 layihəni uğurla tamamlayıb

Bakı, 16 iyul, AZƏRTAC

BP şirkəti “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, “TPAO”, “Petronas”, “Mol”, “LUKoil”, “Nico”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC”, “Itochu”, “ONGC”, “Total” və “Eni” adından özünün əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş 3 layihənin uğurla tamamlandığını elan edib.

“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, bu layihələrin ümumi dəyəri təxminən 900 min AZN-dir.

Tovuzda həyata keçirilən birillik layihənin məqsədi kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək vermək idi. Layihə çərçivəsində aztəminatlı və həssas ailələrdən olan ümumilikdə 60 qadın üçün biznes inkişafı imkanları təmin edilib. Onlara öz kiçik bizneslərini idarə etmək üçün lazım olan bacarıqların inkişaf etdirilməsi üzrə xüsusi təlimlər keçilib, həmçinin dərzilik, saç ustalığı, qənnadı məmulatlarının bişirilməsi, arıçılıq və dəyirmançılıq kimi kiçikhəcmli gəlir yaradan fəaliyyətlərə başlamaq üçün lazımi avadanlıqlar verilib.

Tovuz və Ağstafa rayonlarında inklüziv təhsilə dəstək məqsədli layihə çərçivəsində 300 nəfər məktəbəqədər təhsil işçisi və orta məktəb müəllimi üçün (200 nəfər Tovuz rayonunda və 100 nəfər Ağstafa rayonunda) təkmilləşdirmə imkanları təmin edilib. Onlara inklüziv təhsil sahəsində 10 mövzu üzrə təlim keçilib və layihə çərçivəsində yerli ekspertlər tərəfindən hazırlanmış beş yeni təlim materialı təqdim edilib. Bunlara inklüziv təhsil mühitində təlim prosesinin təşkili üzrə praktik tövsiyələr də daxildir. Bundan əlavə, layihə çərçivəsində Tovuz rayonundakı İnklüziv Təhsil Mərkəzinə inklüziv təhsil üzrə yerli və beynəlxalq ədəbiyyat da bağışlanıb.

BP və tərəfdaşlarının həyata keçirdiyi icma infrastrukturunun yaxşılaşdırılması layihəsinin yekun mərhələsində Hacıqabul və Kürdəmir rayonlarında yerləşən ümumilikdə 200 uşaq üçün nəzərdə tutulmuş üç uşaq bağçası (biri Hacıqabulda, ikisi isə Kürdəmirdə) təmir edilib. Bununla da, BP və tərəfdaşlarının həyata keçirdiyi layihələrin və fəaliyyətlərin qonşuluğundakı icmalarda sosial infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş, ümumi dəyəri 2 milyon AZN-dən çox olan 5 illik proqram başa çatıb. Bu iri sosial infrastruktur proqramı 2016-cı ildə başlanmışdı. Həmin proqram çərçivəsində indiyədək qonşu icmalarda ümumilikdə 14 uşaq bağçası təmir olunmuş və avadanlıqla təchiz olunmuşdur.

Qonşu icmalarda həyata keçirilmiş sosial sərmayə təşəbbüslərinin dayanıqlı nəticələri ilə yaxından tanış olmaq üçün tərəfdaş şirkətlərin və BP-nin bir qrup nümayəndəsi iyulun 14-15-də Tovuz, Samux (“Şirin Qızıl” layihəsi), Yevlax (“Gələcəyini qur” layihəsi) və Kürdəmir rayonlarına səfər edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.