İDMAN
BRAZİLİYALI İNGİLTƏRƏ YIĞMASININ MƏŞQÇİSİ OLMAQDAN İMTİNA ETDİ
2002-ci ildə Braziliya yığmasına dünya çempionu adı qazandıran mütəxəssisin sözlərinə görə, o, ictimaiyyətin çox güclü təzyiqi altında işləmək istəmir.
Skolari xüsusi olaraq keçirilən mətbuat konfransında demişdir: “İyirmiyədək jurnalist evimin yanında gecə-gündüz keşik çəkir. Əgər bu, mədəniyyətin bir hissəsidirsə, mən bunu başa düşmürəm”.
Braziliyalı bir daha vurğulamışdır ki, Almaniyada keçiriləcək qarşıdakı dünya çempionatı başa çatanadək onun fikri-zikri ancaq Portuqaliya yığması ilə bağlı olacaqdır.
Bu günlərdə 57 yaşlı Skolari İngiltərə Futbol Assosiasiyasının rəhbəri Brayan Barviklə görüşərək, mümkün ola biləcək müqavilənin təfərrüatını müzakirə etmişdir.
Xatırladaq ki, İngiltərə yığmasının baş məşqçisi vəzifəsinə “Midlsbro”nun məşqçisi Stiv Maklaren, “Bolton”un baş məşqçisi Səm Ellardays, “Çarlton”un baş məşqçisi Alan Kerbişli və “Seltik”in keçmiş məşqçisi Martin O’Neyl də namizəddirlər.