İQTİSADİYYAT
BRAZİLİYANIN “PETROBRAS” ŞİRKƏTİ ÖLKƏMİZİN NEFT-QAZ YATAQLARININ İŞLƏNİLMƏSİNDƏ İŞTİRAK ETMƏKDƏ MARAQLIDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, iyunun 1-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Braziliyanın Türkiyə və Azərbaycandakı səfiri Çezario Melantonio Neto ilə görüşmüşdür.
Səfir Braziliyanın neft-qaz sektoru və bu sektorda önəmli yer tutan “Petrobras” şirkəti haqqında məlumat vermişdir. O bildirmişdir ki, hazırda dünyanın 30-dan artıq ölkəsində uğurla fəaliyyət göstərən “Petrobras” şirkəti Azərbaycanın qonşuları İran və Türkiyədə də irimiqyaslı layihələr həyata keçirir. Səfir qeyd etmişdir ki, işlədiyi ölkələrdə ən yeni və orijinal texnologiyalar tətbiq edən “Petrobras” Azərbaycanda da neft-qaz yataqlarının işlənilməsində iştirak etməkdə maraqlıdır.
Azərbaycanda Braziliyanın neft-qaz sektoru, “Petrobras” şirkəti və bu şirkətin xüsusilə dəniz şelfində apardığı uğurlu qazma və hasilat əməliyyatlarına dair ətraflı informasiyası olduğunu vurğulayan ARDNŞ prezidenti Rövnəq Abdullayev son illər ölkəmizin neft sənayesində qazanılmış nailiyyətlərdən bəhs etmiş, Dövlət Neft Şirkətinin xarici şirkətlərlə birgə çalışdığı layihələr haqqında qonağı maraqlandıran sualları cavablandırmışdır. R.Abdullayev qeyd etmişdir ki, Azərbaycanda neft sənayesi yüksək sürətlə inkişaf edir, ölkədə hasil olunan neft diversifikasiya şəraitində üç boru kəməri vasitəsilə dünya bazarlarına çıxarıla bilir. Artıq ARDNŞ xarıcı sərmayələr cəlb edən şirkətdən xarici ölkələrə investisiya yatırmağa qadir olan müasir bir beynəlxalq şirkətə çevrilməkdədir. İndi ARDNŞ daha çox yeni texnologiyalara malik olan, mürəkkəb layihələr həyata keçirməkdə ona real kömək göstərə bilən tərəfdaşlara üstünlük verir. R.Abdullayev “Petrobras” şirkətinin bu baxımdan diqqəti cəlb etdiyini vurğulayaraq, qurumun nümayəndələri ilə görüşməyə, onların təkliflərini dinləməyə hazır olduğunu bildirmişdir.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.