SİYASƏT
BRİTANİYA PARLAMENTİ İCMALAR PALATASININ ÜZVÜ BAKIYA GƏLMİŞDİR
Böyük Britaniya parlamenti İcmalar palatasının üzvü Con MakUilyam oktyabrın 8-də Bakıya gəlmişdir. Qonaq həmin gün Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş cəsur övladlarımizın xatirəsini ehtiramla andı.
Britaniya parlamentinin deputatı xatirə kompleksini ziyarət etdikdən sonra Yanacaq və Energetika Nazirliyinin rəhbərliyi ilə görüşdü.
Sonra qonaq Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində qəbul edildi. Komitənin sədri Nazim İbrahimov Britaniya parlamentinin deputatını salamlayaraq dedi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra həmvətənlərimizin problemləri ilə məşğul olan dövlət strukturuna böyük ehtiyac vardı. Ona görə də Azərbaycan Prezidenti bu il öz Fərmanı ilə Dövlət Komitəsi yaratmışdır. Komitənin strateji məqsədi həmvətənlərimizin yaşadıqları dövlətlərdə güclü lobbi yaratmaqdır.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq dedi ki, parlamentin Britaniya-Azərbaycan dostluğu qrupunun üzvü olaraq, respublikamıza və ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələrin inkişafına böyük maraq göstərir.