DÜNYA
BRÜSSELDƏ AVROPA BİRLİYİNƏ ÜZV ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ NÖVBƏTİ ZİRVƏ TOPLANTISI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Zirvə toplantısında AB-nin konstitusiya nizamnaməsinin son bitkin variantı təsdiq olunacaq və qurumun komissiyasının növbəti icraçı sədrinin namizədliyi irəli sürüləcək, müzakirə olunacaq və təsdiqlənəcəkdir.
Xatırladaq ki, ötən ilin dekabrında müzakirələr zamanı Birlik çərçivəsində hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi ən mübahisəli məsələlərdən biri olmuş, məhz buna görə layihənin təsdiqi o zaman təxirə salınmışdı.
Siyasi şərhçilərin və analitiklərin mülahizələrinə görə, Avropa Birliyi Komissiyasının səlahiyyət müddəti başa çatmış icraçı sədri italiyalı Romano Prodini əvəz edəcək namizədin irəli sürülməsi, müzakirəsi və təsdiqi məsələsi də zirvə toplantısında mübahisələrə səbəb olacaqdır.
Komissiyanın yeni icraçı sədri postu uğrunda da iki cəbhə formalaşmış, namizədin irəli sürülməsi barədə fikirlər haçalanmış, qarşıdurma yaranmışdır. Almaniya və Fransa AB Şurası sədrindən komissiyanın sədri vəzifəsinə Belçikanın baş naziri Ferhofştadtın namizədliyini irəli sürməyi tələb edir. Digər tərəfdən Böyük Britaniya və qurumun üzvü olan 25 ölkənin mühafizəkar partiyalarını AB Parlamentində birləşdirən Avropa Xalq Partiyasının 269 mandata malik bloku isə Lüksemburqun baş naziri Yunkerin namizədliyini irəli sürüb dəstəkləyəcəyini bildirmişdir.