ELM VƏ TƏHSİL
BRÜSSELDƏ ELMİ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Azərbaycan tərəfindən sazişi ölkəmizin Belçika Krallığındakı səfiri və Avropa Birliyi yanında daimi nümayəndəsi Arif Məmmədov, İNTAS adından qurumun icraçı katibi Alen Cerar imzalamışlar. Tərəflər sazişin Azərbaycan – İNTAS münasibətlərində müsbət rol oynayacağını və ölkəmizin gəncləri arasında elmi potensialı inkişaf etdirəcəyini xüsusi vurğulamışlar.
Beynəlxalq Assosiasiyanın əsas məqsədi - yeni müstəqil dövlətlərdə müxtəlif tədqiqat layihələri və şəbəkələrinin yaradılması, gənc alimlər üçün təqaüdlərin verilməsi və elmin müxtəlif sahələrində (fizika, kimya, biologiya, coğrafiya, iqtisadiyyat, informasiya texnologiyaları) tədqiqatların aparılmasının dəstəklənməsi sazişdə qeyd olunmuşdur.
Tərəflər Azərbaycan və İNTAS arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində daha səmərəli və məqsədyönlü səylərin göstəriləcəyini bildirmişlər.
Mərasimdə İNTAS-ın icraçı direktorunun xarici əlaqələr üzrə müavini Riçard Burger, təşkilatın Azərbaycandakı əlaqələndiricisi, Milli Elmlər Akademiyasının əməkdaşı professor Siyavuş Azaxov və digər rəsmi şəxslər iştirak etmişlər.