CƏMİYYƏT
BŞBPİ: Polisin qanunu tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər araşdırılıb
Bakı, 8 iyul, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi bəzi xəbər saytlarında polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən bir qrup şəxslə bağlı yayılan görüntülərin araşdırılması barədə məlumat yayıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin şəxslər xüsusi karantin rejimi qaydalarına əməl etmədən mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarəti ilə məşğul olublar. Təəssüf ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunub.
Bununla əlaqədar bildirilib ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar. Onlardan müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiqləyən sənəd tələb edildikdə polisin tələbinə tabe olmayıblar. Şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün polis bölməsinə aparılan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib. Belə olduqda polis əməkdaşları həmin şəxsləri 36-cı polis bölməsinə apararaq, şəxsiyyətlərini müəyyənləşdirib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb.