ELM VƏ TƏHSİL
BSU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində təmsil olunur
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində ölkəmizin digər ali təhsil müəssisələri ilə yanaşı, Bakı Slavyan Universiteti (BSU) də stendi ilə təmsil olunur.
BSU-dan AZƏRTAC-a bildirilib ki, rektor Nurlana Əliyeva Təhsil naziri Ceyhun Bayramova və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya universitetin nailiyyətlərini əks etdirən stend barədə məlumat verib. Qeyd edilib ki, stenddə universitetin tədris strukturları, mövcud ixtisasları, elmi fəaliyyəti, professor-müəllim heyətinin çap edilən elmi əsərləri, o cümlədən ölkəmizdə və xaricdə dərc olunan məqalələri, beynəlxalq əlaqələri, mübadilə proqramlarında iştirakı, təhsil ocağında fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, universitetin xarici ölkələrdəki Azərbaycan dili və mədəniyyəti mərkəzləri, tələbə həyatı ilə tanış olmaq mümkündür. Stenddə, həmçinin BSU-nun tələbələrinin musiqi, idman, intellektual yarışlarda qazandıqları kubok, medal və diplomlar nümayiş olunur. BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini təmsil edən və slavyan xalqlarının, eləcə də türk və yunan xalqının milli geyimində olan tələbələr də ziyarətçilərdə olduqca xoş təəssürat yaradıb.
Qeyd edək ki, sərgi oktyabrın 12-də başa çatacaq.