ELM VƏ TƏHSİL
BSU-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə görüş keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Bakı Slavyan Universitetində (BSU) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları Zəhra Quliyeva, Babək Məmmədov, Ceyhun İbrahimov, Tural Məmmədov, İdris Cəfərli, Kamran Babayev iştirak ediblər.
Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva DTX-nin 100 illik yubileyi ərəfəsində belə bir tədbirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Rektor ölkəmizin bugünkü uğurlu inkişafında, sabitliyin, əmin-amanlığın təmin olunmasında təhlükəsizlik xidməti orqanlarının böyük rolunu, onun təcrübəli əməkdaşlarının xüsusi əməyini minnətdarlıqla qeyd edib. O, dövlət təhlükəsizlik orqanlarının gənclərlə yüksək münasibətinin formalaşmasının ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin, Prezident İlham Əliyevin gənclərə qayğısının bariz nümunəsi olduğunu bildirib. N.Əliyeva dövlət başçısının gənclərlə bağlı son vaxtlar verdiyi sərəncam və fərmanların gənclərin həyat şəraitində və məişətində müsbət dəyişikliklərə səbəb olduğunu deyib. Qeyd olunub ki, Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisini gözü götürməyən bədxah qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək məqsədilə bu gün gənclərdən istifadə etməyə, onları öz planları üçün vasitəyə çevirməyə çalışırlar. Buna görə tələbə gəncləri ayıq-sayıq olmağa, dövlətçiliyin keşiyində mətanətlə dayanmağa çağıran rektor Azərbaycanın güclü orduya malik olduğunu, istənilən anda hücuma keçib torpaqlarımızı azad etmək gücündə və qüdrətində olduğunu diqqətə çatdırıb. N.Əliyeva 2016-cı ildə Aprel döyüşlərində belə bir şücaət və qəhrəmanlığın şahidi olduğumuzu, qısa müddət ərzində əsgərlərimizin erməni qəsbkarlarını necə vahiməyə saldıqlarını gənclərə xatırladıb. Rektor Azərbaycanın dövlət rəhbərliyinin Qarabağ problemini sülh yolu, beynəlxalq ictimaiyyətin təsiri ilə həll etmək niyyətində olduğunu gənclərin nəzərinə çatdıraraq deyib ki, bu gün gənclərimizin qarşısında duran əsas məsələ yüksək savada yiyələnmək, xarici dilləri mükəmməl öyrənməkdir.
Sonra DTX-nin nümayəndəsi Tural Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib. O, xüsusi xidmət orqanlarının tarixindən, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətindən söz açıb. DTX tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərindən, o cümlədən bu tədbirlərdə vətəndaşların rolundan danışıb. T.Məmmədov çıxışında xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları anlayışı, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlıq mövzularına da toxunub.
Tədbirdə tələbələrin sualları cavablandırılıb.