ELM VƏ TƏHSİL
BSU-da Nəsiminin Azərbaycan fəlsəfə tarixində tutduğu mövqedən danışılıb
Bakı, 5 mart, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Gənc Yaradıcılar Klubunun tərcümə fakültəsi üzrə sədri Ramazan Ramazanovun təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor Xanım Sultanova Nəsiminin Azərbaycan mədəni fikir və fəlsəfə tarixində tutduğu mövqedən danışıb. Tədbirin Prezident İlham Əliyevin Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Sərəncamına əsasən keçirildiyi diqqətə çatdırılıb.
Tərcümə fakültəsinin I kurs tələbəsi Röya Haqverdiyeva “İmadəddin Nəsimi kimdir, Azərbaycan ədəbiyyatında hansı mövqeyə sahibdir?” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışının sonunda “Aləmdə bu gün əhdi bütün yar ələ girməz” qəzəlini söyləyib.
Tədbirdə BSU-nun I kurs tələbəsi Diana Məmmədli şairin “Yanaram”, II kurs tələbəsi Vüsalə Quliyeva isə “Allahu Əkbər hüsnünə heyran olmuşam” qəzəlini səsləndirib.
Sonra şairin həyatından bəhs edən filmdən qısa fraqment nümayiş olunub.
Ramazan Ramazanov isə Nəsiminin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb və şairin “Haradasan” qəzəlini təqdim edib.